Suriyada 53 illik Əsəd rejimi süqut etdi. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gələn Hafiz Əsədin qurduğu avtoritar sistem “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar tərəfindən devrildi. Bəşər Əsəd isə ailəsi ilə birlikdə Rusiyaya sığınmaq məcburiyyətində qaldı.
Əsəd rejiminin devrilməsi 2010-cu il dekabrın 18-də Tunisdə mərkəzi hakimiyyətə qarşı başlayan və “Ərəb baharı” kimi tanınan etiraz dalğasının son mərhələsini tamamladı. Tunisdən başlayan proses qısa müddətdə Əlcəzair, Misir, Liviya və digər ərəb ölkələrinə yayılsa da, Suriyada sərt müqavimətlə qarşılaşdı. B.Əsəd 2024-cü ilə qədər hakimiyyətini qorumağı bacardı, lakin nəticədə dəyişən şərtlərə tab gətirə bilmədi.
Əsəd rejiminin devrilməsini bir sıra səbəblərlə xarakterizə etmək olar:
Birincisi, beynəlxalq geosiyasi vəziyyət hazırda sabit deyil. Rusiya-Ukrayna müharibəsinin davam etməsi və Kremlin başının qarışıq olması, İranda sosial iqtisadi vəziyyətin yaxşı olmaması İsrail ilə gərginliyin davam etməsi, İsrailin Əsədə bəlkə də ən çox dəstək verəcək “Hizbullah”ı yorub zəiflətməsi, ABŞ-da Co Bayden hakimiyyətinin sonlanması və Donald Trampın hakimiyyətə gəlişi və s. göstərmək olar.
Əsəd Rusiya və İrana arxayın olaraq hakimiyyətini qoruyacağını düşünürdü, lakin dəyişən geosiyasi şərtləri düzgün analiz etmədi və Türkiyənin artan təsirini lazımınca qiymətləndirmədi.
İkincisi, B.Əsəd xarici siyasətdə ciddi səhvlərə yol verdi ki, bunlardan biri də Türkiyə ilə əlaqələrin düzgün qurulmaması idi. Əsəd son anda İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib. İranın vasitəçiliyi də işə yaramadı. Halbuki Türkiyə Prezidenti R.T.Ərdoğan dəfələrlə Suriya ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, müsbət cavab almamışdı. Vaxtında bu danışıqlar olsaydı, Əsəd Ankara ilə uzlaşa bilərdi.
Üçüncüsü, faktiki olaraq Suriyada mərkəzi hakimiyyət yox idi. Müxalif və silahlı qruplar ölkəni aralarında bölmüş, Əsədə isə müəyyən bölgələrə nəzarətlə kifayətlənmişdi. Onun bir neçə dəfə mərkəzi hakimiyyəti bərpa etmək şansı olsa da, bunu etmədi.
Bəşər Əsəddən sonra Suriyanın gələcəyi hazırda gündəmdədir. Bilinənin əksinə, rejimin devrilməsi Suriyadakı prosesləri səngitməyəcək, əksinə böyük gərginlik indi başlayır.
Əsəd Suriyada bir güc idi və onun boşluğunu doldurmaq uğrunda həm daxildəki qruplar, həm də xaricdəki qüvvələr mübarizəyə başlayacaqlar. Əsədin devrilməsi Ankara, Vaşinqton, Təl-Əvivin ortaq marağı idisə, yerini alacaq qüvvənin kim olması, ya da Suriyanın bölünməsi məsələsi ciddi fikir ayrılığına səbəb olacaq – xüsusilə Ankara və Vaşinqton arasında…
ABŞ-ın Əsədi Ankaraya heçnəsiz güzəştə getdiyini düşünmürəm. Xüsusilə ABŞ-ın himayəsində dövlətləşmək istəyən və Suriyada bunu böyük ölçüdə tamamlayan kürd məsələsi başlıca gərginlik səbəbi olacaq. Aydındır ki, Əsəddən sonra Ankaranın növbəti hədəfi Rojava kürdləri olacaq. Suriyanın şimal şərqində həm hərbi, həm də bürokratik baxımdan güclənən bu ünsür ABŞ tərəfindən himayə edilir. Hətta Türkiyə bundan öncə bir neçə dəfə Deyr əz-Zor bölgəsində əməliyyata cəhd etsə də, Vaşinqtonun xəbərdarlıqlarına görə bu baş tutmadı. Türkiyə həmin məsələni həll edə bilməsə, hazırkı vəziyyət Ankara üçün daha böyük təhlükələri ortaya çıxaracaq.
İkinci məsələ İsrail-Türkiyə gərginliyidir. Qəribə də olsa, hazırkı proseslərdə Təl-Əviv və Ankara ortaq hərəkət etdi. Lakin tərəflərin yenidən əks mövqedə olduğunu demək olar. Bütün hallarda İsrail Türkiyənin nəzarətində, ya da Ankaraya sadiq bir Suriyanı özü üçün təhdid saya bilər.
Nəticə etibarilə Əsədin devrilməsi Suriya və Yaxın Şərq üçün yeni bir səhifə olacaq. Əsas məsələ Türkiyənin “yeni Suriya” ilə nələr edəcəyidir. Kürd, miqrant məsələsi, yeni iqtidarla dialoq yolları və böyük güclərin Suriya planları Ankaranı gözləyən problemlər arasındadır.
Turan Rzayev