EN

Bakıda “Azerbaijan Fashion Week” moda həftəsinin 17-ci mövsümünün açılışı olub - FOTOLAR

Bakı Beynəlxalq Dəniz Vağzalının binasında “Azerbaijan Fashion Week” (AFW) 17-ci mövsümünün açılışı olub. SİA xəbər verir ki tədbir YARADICI Mədəniyyət və Yaradıcılıq Sənayelərinin İnkişafı Mərkəzinin dəstəyi ilə təşkil olunub. 17-ci mövsümün baş informasiya partnyoru artıq 80 ildir moda və mədəniyyət sahəsində ulduzlar və məşhurlar, parlaq hadisələrdən bəhs edən əsas beynəlxalq brend olan məşhur “Hello!” jurnalıdır. Paris Yüksək Moda Həftəsi və Milanda keçirilən “Fashion Week” nümayişlərinin iştirakçısı, top model Via Lemann AFW 2024-ün 17-ci mövsümünün rəsmi siması və səfiri olub.

“Azerbaijan Fashion Week” çərçivəsində nümayişlərin ilk günü tanınmış azərbaycanlı dizayner Ülkər Hüseynovanın kolleksiyasının təqdimatı ilə açılıb.

Sonra qazaxıstanlı dizayner Dinara Seitova “Studio 4353” brendi altında öz yaradıcılığını nümayiş etdirib. Cənubi Koreyanın “The Bailon” və “The A Story” brendləri də öz kolleksiyalarını təqdim ediblər. Xüsusilə qeyd etmək lazımdır ki, “The A Story” brendi Bakıda keçirilən COP29-da ekoloji cəhətdən təmiz materiallardan istifadəyə görə xüsusi mükafata layiq görülüb. Bu brendin müəllifi və dizayneri Kan So Andır.

Moda nümayişlərinin birinci hissəsini Gürcüstanın “Maison Keti” brendinin kolleksiyası tamamlayıb.

Top-model Via Lemannın sözlərinə görə, “Baku Fashion Week”in siması olmaq təklifini böyük maraqla qəbul edib. “Agentlərim “Azerbaijan Fashion Week”də iştirak etmək təklifi alanda dərhal razılaşdım. Mən çoxdan Bakıya qayıtmaq istəyirdim, çünki bu şəhər öz gözəlliyi və ab-havası ilə məni heyran edib”, - deyə Via Lemann qeyd edib.

Model etiraf edib ki, “backstage”də bir çoxu onda güclü təəssürat yaradan dizaynerlərin kolleksiyaları ilə tanış olmaq imkanı əldə edib. “Həftəni açdığım Ülkər Hüseynovanın kolleksiyası həqiqətən unikaldır. Onun geyimində podiuma çıxmaq böyük zövq idi”, - deyə o bölüşüb.

Lemann onu da qeyd edib ki, Bakıya hər səfəri onda xoş xatirələr yaradır.

“Bu, mənim Bakıya ikinci səfərimdir və yerli sakinlərin qonaqpərvərliyinə bir daha heyran oldum. Şəhər mənə Xəzər dənizinin sahilində yerləşən balaca Parisi xatırladır - rahat küçələri, memarlığı və unikal ab-havası ilə”, - deyə model bəhs edib.

Nümayişlərin ikinci hissəsində “Manzar Zekizade Fashion School” moda məktəbinin Azərbaycan dizaynerlərinin, Rusiyanın “Rina Collection” brendinin və özbək dizayner Şahzoda Muhammedovanın kolleksiyaları təqdim olunub.

Chosen
40
1
sia.az

2Sources