EN

Ədəbiyyat İnstitutu əməkdaşlarının il ərzində 76 kitab və monoqrafiyası çap olunub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan bildirilib. İclasda Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatı dinlənilib. İnstitutun elmi katibi dosent Aygün Bağırlı hesabatı təqdim edib. 2024-cü ilin Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən məruzəçi hesabat ilində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə bağlı institutun direktoru akademik İsa Həbibbəylinin “Yaşıl artım və dayanıqlı inkişaf”, “Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl dünya gözlərə nur verən elmin işığında” kimi elmi konfranslarda və Bakıda keçirilən COP29-da məruzələrlə çıxış etdiyini bildirib. Eyni zamanda, AMEA rəhbərinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun rəhbəri ilə görüşdüyünü, AMEA ilə təşkilat arasında əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib. Məruzəçi respublika və beynəlxalq tədbirlərdə institutun alim və mütəxəssislərinin iştirakı və məruzələri ilə bağlı məlumatları diqqətə çatdırıb.

Hesabat məruzəsində ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamı ilə bağlı institutda görülən işlərdən də bəhs olunub. Qeyd edilib ki, “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər keçirilib, eləcə də Məhəmməd Füzuli irsini əhatə edən tədqiqat əsərlərinin təqdim olunmasının başlıca məqsədi Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaq olub.

Məruzəçi cari ildə institutda 2 istiqamət, 8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat aparıldığını, onlardan 95 işin tamamlandığını, 38 iş üzərində tədqiqatların davam etdirildiyini bildirib. O, 2024-cü il üzrə mühüm elmi nəticələri əks etdirən, institutun alim və mütəxəssislərinin müəllifi olduğu bədii əsərlərin, dərsliklərin, tərcümələrin, konfrans materiallarının, təsir əmsallı jurnallarda dərc olunan məqalələrin, eyni zamanda, tərtib edilmiş kitabların siyahısını sadalayıb. Vurğulayıb ki, institut əməkdaşlarının 4-ü xaricdə olmaqla 76 kitab və monoqrafiyası, 249-u xaricdə, 18-i təsir əmsallı jurnallarda olmaqla ümumilikdə 1164 məqaləsi çap edilib.

Daha sonra institutun direktor müavini dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu” 2024-cü ildə: nəticələr və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, akademik platformalarda işin təşkili və jurnalların elektron variantlarının yaradılması sayəsində Ədəbiyyat İnstitutunun virtual məkanda təbliğ edilməsi və müəssisənin rəqəmsal mühitə inteqrasiyası baxımından müəyyən hədəflərə nail olduğunu bildirib. Artıq müəyyən müddətdir ki, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabının yaradıldığını, nəticədə humanitar elmlər sahəsində alimlərimizin məqalələrinə olan istinadların sayının artdığını vurğulayıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək təqdir edərək interaktiv keçən hesabatı nümunəvi təqdimat kimi qiymətləndirib.

İclasda oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin VII cildinin I hissəsinin çapa təqdim olunması təsdiqlənib. Həmçinin “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildinin – Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyasının və “İşıq adam” kitabının çapa təqdim edilməsi barədə qərar verilib. Eyni zamanda, Nemət Bəsirin “Əsərləri”nin çapa təqdim olunması qərarla təsdiqlənib.

Sonda akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifə kimi elektron elmin formalaşması istiqamətində fəaliyyətin dəstəklənməsinin vacibliyini qeyd edib. Bildirib ki, “Elektron Akademiya” artıq zərurətdir. Bu gün alimlər fəaliyyətini yüksək reytinqli elmi bazalarda yer alan jurnallarda məqalələrinin daha çox dərc edilməsinə yönəltməlidirlər. AMEA rəhbəri onu da vurğulayıb ki, hesabatların təqdim olunması mərhələsində dünya elminin yenilikləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışlar mütləq nəzərə alınmalıdır.

 

Chosen
33
tehsil.biz

1Sources