EN

Qadından gənc oğlana qarşı dəhşətli əməl: “Əxlaqsız təklif etdi...”

Bərdə rayonunda 1985-ci il təvəllüdlü Tamara şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi İntiqama (adla şərti göstərilib – red.) xəsarət yetirib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 1 yanvar 2024-cü ildə Bərdə rayonunun kəndində baş verib.

1999-cu il təvəllüdlü kənd sakini İntiqam Tamaranın fərdi yaşayış evinin həyətinə gəlib. Mübahisə zamanı o, üzərində olan cib bıçağı ilə İntiqamın döş qəfəsinə 2 zərbə endirib.

Hadisəni törədən Tamaranın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Şam almağı xahiş etdim”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tamara ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində göstərib ki, İntiqamı özünü müdafiə etmək üçün vurub: “İntiqam anamın xəstəsi olub. Oğlumun dostu kimi uşaqlıqdan yanımızda böyüyüb. Anam İntiqamın sənədlərinin hazırlanması zamanı ondan harada işlədiyini soruşub. O da mağazada işlədiyini bildirib. Anam İntiqamdan nəsə lazım olarsa alıb gətirməsini xahiş edib. Mən 10 ildir tək yaşayıram, ərimdən ayrılmışam, oğlum atası ilə gedib.

Tanımadığım nömrədən zəng gəldi və xətdə olan şəxs İntiqam olduğunu bildirdi. Nömrəni ona Səma nənənin (yəni mənim anamın) verdiyini bildirdi.

Kənddə güclü külək əsirdi. İntiqamdan şam alıb gətirməsini xahiş etdim. O da şam alıb gətirdi. Məndən isti çayın olub-olmadığıını soruşdu. “Əvvəllər ərim, oğlum olub, indi mənim barəmdə pis fikirləşərlər, deyərlər ki, bu, tək yaşayır, burada yad adamın nə işi var” dedim. İntiqam cavabında “qələt edirlər” dedi. “Sən deməklə deyil” dedim.

İntiqam evə daxil oldu. Mən onun anasına zəng etdim, İntiqamın bizə gəldiyini bildirdim. O da cavabında mənə “gəlib, lap yaxşı” dedi. Telefonu söndürdükdən sonra İntiqam mənə niyə anasına xəbər verdiyimi soruşdu. “Sən səmimisənsə niyə deməyim” dedim”.

“Dedi, qan düşər”

Təqsirləndirilən şəxs qeyd edib ki, İntiqam ona qəribə baxışla baxıb: “Bundan sonra İntiqama Naftalana toya getdiyimi, "orada yaxşı qızlar var, birini oğluma, birini sənə düzəldəcəm" söylədim. İntiqam cavabında “qız sənsən” dedi.

İntiqamın yaxasından tutub “utanmırsan, belə söz deyirsən” bildirdim. Anasına zəng etdim, o, cavabında oğlunun ağır dərmanlar qəbul etdiyindən özündə olmadığını söylədi. Xahiş etdi ki, heç kəsə heç nə deməyim, qan düşər, olmamış kimi qəbul eləyim”.

Tamaranın sözlərinə görə, ertəsi gün İntiqamın anası onu çağırıb və söhbət etmək lazım olduğunu bildirib:

“Saat 12 radələrində onlara getdim, söhbət etdik. İntiqamın anası oğlunun dərman qəbul etdiyini, ağlının özündə olmadığını bildirdi. İntiqamın anasına “oğlun Cəmilə adlı qızla gəzir, caamatın ailəsini dağıdır, ailəsi bilsə, çox pis olar" dedim. O da bir şəxsə zəng etdi və "Tamara belə-belə şeylər deyir” bildirdi.

Daha sonra İntiqamın anası mənə zəng elədi, xəbər verdi ki, İntiqam deyib, Tamaranı öldürəcəm, onun nə işinə qalıb mən kimlə gəzirəm. Oğlunun mənə xəsarət yetirə biləcəyini dedi, evdə qalmamağımı xahiş elədi. Bu səbəbdən qonşugildə qalmağı düşündüm. Bu vaxt İntiqamın gəldiyini gördüm, əlində şüşə parçası vardı. Məni təhqir etdi, mənə xəsarət yetirdi, boğazımdan qan axdı.

Boğazım kəsiləndə İntiqamı itələdim. Onun əlindən çıxıb çölə qaçdım. Yenidən mənə hücum etdi, məni arxadan tutdu. Yenə onun əlindən çıxdım. Tək yaşadığım üçün üzərimdə bıçaq vardı.

Mən kiməsə xəsarət yetirmək istəməmişəm. İntiqam məndən əl çəkmədiyindən özümü müdafiə etmək üçün bıçaqla ona xəsarət yetirdim. İntiqamın anası hadisədən sonra gəldi. Hadisə isə heç 20 dəqiqə çəkməmişdi. İntiqam məni evin içərisində, mən isə onu pilləkəndən düşəndə vurdum.

Mən ekspertizadan keçdim. Boğazımda şüşə ilə kəsilmə xəsarətinin əlamətləri aşkarlandı. Başqa cızıqları da vardı.

İntiqamın məni öldürəcəyini düşündüyüm üçün çölə çıxdım. O, yenidən məni vurmaq istədi. Mən də üzərimdə olan bıçağı açaraq iki dəfə ona xəsarət yetirdim. Bundan sonra İntiqamın anası gələrək oğlunu apardı. Mən isə Daxili İşlər Nazirliyinin 102-ə zəng mərkəzində müraciət etdim”.

Chosen
22
5
publika.az

5Sources