EN

Ölümə aparan gözəllik: Süni dolğuların fəsadları

Hər gün daha çox qadın cavanlaşmaq qərarına gəlir. Bu istək qadınları ağılagəlməz üsullar və riskli əməliyyatlar həyata keçirməyə sövq edir.

Cavanlaşdırmanın xüsusilə inyeksiya üsulları getdikcə daha çox populyarlıq qazanıb. Dolğuların istifadəsi estetik kosmetologiyada ən çox yayılmış minimal invaziv müdaxilədir. Lakin aparılan saysız-hesabsız prosedurlar həmişə istənilən nəticəni vermir. Zaman-zaman internetdə istər ölkəmizdə, istərsə də digər ölkələrdə estetik prosedurların müəyyən fəsadlar yaratması barədə xəbərlərə rast gəlirik. Bəs bir gözəllik və ya trend uğrunda hansı təhlükələrlə qarşılaşmaq mümkündür? Mütəxəssislər və pasiyentlər bu vəziyyətdən hansı nəticəni çıxartmalıdır?

KONKRET.az qurbana çevrilməməyiniz üçün dolğular barədə ətraflı araşdırma aparıb.

İnsanların daha gözəl görünmək və qırışlardan xilas olmaq üçün üz tutduğu prosedurlardan biri də dolğu etdirməkdir. Adətən, dolğu etdirən insanlar bu prosesi sonradan davamlı şəkildə təkrarlayırlar.

Mütəxəssislər bildirir ki, hətta siz nə vaxtsa dolğu etdirməyi dayandırsanız belə heç vaxt əvvəlki vəziyyətinizə tam şəkildə qayıda bilməyəcəksiniz.

Nyu-Yorkda sertifikatlaşdırılmış plastik cərrah Dr. Lara Devqan deyir ki, çox sayda dolğu etdirmək üzün formasını dəyişə bilər.

Problem dərinin dərinliyindən daha çox ola bilər, həm üzün görünüşünə, həm də onun funksionallığına təsir göstərir. Həkimlər bunu, adətən, “dolğu yorğunluğu” adlandırır.

Prosesin gedişi…

Preparatlar həkim kosmetoloq tərəfindən nazik iynə və ya ucu küt kanyula ilə qırış xəttinə, forma veriləcək nahiyəyə inyeksiya edilir. Prosedur 20-30 dəqiqə davam edir. Nəticə dərhal bilinir.

Bədəninizə nə yeridirlər?

Bədənə yeridilən yad maddə silikon – silisium qum tərkibli üzvi maddədir. Bu maddə həm gel, həm maye, həm də sərt formada olur. Müasir tibbdə bu maddə estetik məqsədlər üçün çənəyə, süd vəzilərinə, yanaqlara və bədənin müxtəlif yerlərində olan çuxur yerləri doldurmaq üçün istifadə edilir. Dodaqlara vurulan maddə isə dolğu vasitəsidir. Dolğu təbii və süni ola bilir, sovrulan və sovrulmayan.

İnkişaf etmiş ölkələrdə 90 faiz sovrula bilən dolğu maddələrindən istifadə edilir. Dolğu maddələri daha çox üz gəncləşdirmədə, üzdə olan estetik çatışmazlıqları, simmetrik qüsurları örtmək, dodaqları böyütmək, qırışlar olan nahiyənin altını doldurmaq məqsədilə də istifadə olunur. Əməliyyat yüngül prosedurdur, lakin ciddidir. Dolğu maddələrindən ən çox geoleron, laktik və kalsium hidroxlorid apasid turşusundan istifadə edilir. Bunlar sovrulan maddədir və 6-10 ay arasında toxumalardan əriyir.

Tez-tez dolğudan istifadə edən insanlar bir müddət sonra bunu əritmək üçün müalicə axtarır. Həddindən artıq və ya pis yerləşdirilmiş dolğu üzün mexanikasını poza bilər. Beləliklə, üz əzələləriniz düzgün hərəkət etməyə bilər. Bu üzünüzün görünüşünün dəyişməsinə gətirib çıxarar.

Dolğu kiçik miqdarda tətbiq olunduqda zamanla toxumalarımızla inteqrasiya edə, onun təsiri azaldıqca qırışlar və kölgələr üzə çıxa bilir. Üstəlik, bu, yaşa bağlı dəyişikliklərlə müşayiət olunur.

İnsanlar bilməlidir ki, dolğunu əritdikdən sonrakı görünüş əvvəlki halından daha pis və xoşagəlməz ola bilər. Çünki gel toxumaları zədələyir və müəyyən mənada yaşlandırır.

Dolğuların səbəb olduğu ciddi problemlər

Bunlardan biri dərmanın vurulduğu nahiyədə iltihabın meydana gəlməsidir. İltihab uyğun olmayan mühitdə baş verə bilər – havanın dezinfeksiya edilməməsi, həkim tövsiyələrinə əməl olunmaması, xəstədə tez-tez streptokok infeksiyası (angina), xroniki infeksiya ocaqları – dişlərdə karies, tonzillit, sinüzit.  İltihab həkim müalicəsi və dolğunun əridilməsini tələb edir.

Qranulomalar dərinin səthində görünən kiçik düyünlərdir. Bədənin dərmanı rədd etməsinin nəticəsi ola bilər.

Dolğunun qeyri-bərabər paylanması nəticəsində yerdəyişməsi və ya ineksiyanın dərinin səthinə çox yaxın vurulması onun relyefinin dəyişməsinə səbəb olur.

Emboliya damarının dolğu ilə tıxanması ilə əlaqəli daha ciddi bir komplikasiyadır və müalicə edilmədikdə toxuma ölümünə səbəb olur.

İşemiya toxumalarda qan tədarükünün pozulmasıdır. Böyük miqdarda dərman qəbulu və ya damarın dolğu ilə tıxanması səbəbindən inkişaf edir. Müalicə olunmazsa, işemiya toxuma nevrozuna səbəb ola bilər.

İneksiya sahəsində dərinin həssaslığının pozulması da dolğuların siniri sıxmasının nəticəsidir.

Təəssüf ki, hətta təcrübəli həkim belə bu cür hallardan sığortalana bilməz. Əsas ixtisaslı mütəxəssis problemi vaxtında aşkarlaya, yardım göstərə və belə vəziyyətlərdə düzgün müalicəni təyin edə bilsin.

Dolğu qurbanları

Bəs bu dolğulardan qurtula bilməyənlər? Təbii ki, yuxarıda sadaladığımız fəsadlarla üzləşənlər, “gözəl olacam” deyib, daha pis vəziyyətə düşənlər də az deyil.

Türkiyənin Adana şəhərində internetdə estetik mütəxəssis kimi özünü təqdim edən Soner G. tərəfindən silikon etdirən 22 yaşlı tibb bacısı Mervenin dodaqları məhv olub. Belə ki, prosedurdan dərhal sonra dodaqları şişməyə başlayan və orqanını itirmək təhlükəsi ilə üzləşən Merve Keleş xəstəxanaya müraciət edib. Keleş xəstəxanada qalaraq müalicə alıb. Silikon qurbanı həkiminin tətbiq etdiyi müalicə üsulu ilə çətin və riskli bərpa edilən dodağı əvvəlki vəziyyətinə qaytarmağı bacarıb.

Amerikada bir qadının dodaq dolğusu etdirməsi ona az qala canı bahasına başa gəlirdi. Belə ki, daha əvvəl iki dəfə dolğu etdirən Basia üçüncünü də etmək qərarına gəlsə də, bu dəfə gözlənilməz nəticə ilə qarşılaşıb. Doldurma prosedurundan dərhal sonra gənc qadının dodaqları şişməyə başlayıb və ağzını belə aça bilməyəcək həddə çatıb.

Əvvəlki dolğu prosedurlarında heç bir problem yaşamadığını bildirən Basia, dodaqlarının belə qalmasından çox qorxduğunu bildirib. Bu dəhşətli təcrübədən sonra gənc qadın bir daha belə bir prosedur etdirməyəcəyini açıqlayıb.

Türkiyədə Çekmeköydə göz altı işıq dolgusundan sonra gözləri şişən, üzü tanınmaz hala düşən qadın həkimi haqqında cinayət işi qaldırıb. Dolğu prosedurundan sonra sifətinin iflic olduğunu deyən Yöndenli, “Mən gözümü itirə bilərdim. Estetik qurbanıyam. Hər kəsə deyirəm, hər güvəndiyiniz insanı həkim bilib plastik əməliyyat etdirməyin. Mən indi-indi görürəm, gözlərim tamam bağlanmışdı. Estetik mərkəzlər və ya gözəllik salonlarında belə prosedurlar etdirməyin. Hər özünə həkim və mütəxəssis deyənə aldanmayın. Çox ama çox diqqətli olun”.

İstanbulda özəl klinikalardan birində üzünə dolğu vurduran Gülseren Ö. tanınmaz hala gəlib. Proseduru edən və həkim olmadığı anlaşılan Aysel A. və klinika sahibinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Dolğu əməliyyatından sonra evə gedən Gülseren Ö.-nün üzündə, dodaqlarında və boynunda şişlik yaranıb. Bədənində yaşadığı dəyişikliyi klinikada insanlara danışan qadın şişkinliyin müvəqqəti olduğu cavabını alıb.

Şişkinlik səngiməyəndə zərərçəkən xəstəxanaya müraciət edib və müalicə olunub. Qadın üzünə “Beautical5” adlı maddə vurulduğunu və bu maddənin sintetik olduğunu biləndə həyatının şokunu yaşayıb.

Dolğu qurbanlarından biri də bir müddət əvvəl görüntüləri yayılan Azərbaycanlı model və bloger Leyla Mirzəliyevadır. Belə ki, uzun zamandır bədəninə etdirdiyi dolğuların fəsadlarından əziyyət çəkən model sosial şəbəkə hesabında izləyiciləri ilə qorxulu bir xəbər paylaşaraq, vidalaşıb. O, bədəninə etdirdiyi estetik əməliyyatlar, süni dolğular səbəbilə orqanizmində çürümə getdiyini bildirərək ağlayıb. “Süni gelləri bədənimdən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına yatdım. Ağrılarım var, artıq dözə bilmirəm. Dolğulardan bədənim çürüyür. Heç bir həkim də kömək edə bilmir. Əməliyyat olunmalıyam. Sağ qalma şansım 10%-dir. Xahiş edirəm, dua edin, kimin haqqına girmişəmsə, haqqınızı halal edin”,- deyə o bildirib.

Həyatınızı məhv edə biləcək bu dolğuların qiymətlərindən xəbəriniz var? Sizə sadəcə kiçik bir miqdarının dəyərini qeyd edəcəm, geri qalanını özünüz düşünün.

Üz dolğusu prosedurunun qiyməti preparatdan asılıdır. Ümumilikdə 1 qram preparatın yeridilməsi 200-350 AZN arasında dəyişir.

Dodaq dolğusunun qiyməti  100- 300 AZN arasında dəyişir. Təbii ki, bu ödəniş məbləği həkimin peşəkarlığı və istifadə olunan məhsulun keyfiyyətindən asılıdır.

Yanaq dolğusunun 0,5 qramı 80, 1 qramı isə 120 AZN-dir.

Çənə və gicgah dolğusunun da məbləği təqribi bu civarlardadır.

Heç bir əməliyyat olmadan geldən qurtulmağın qiyməti isə 800-1000 AZN arasındadır.

Zavod istehsalı olan müxtəlif çeşidli dərman preparatları, dolğu və botokslar var ki, onların da tərkibi qiymətə görə dəyişir. Məsələn, bazarda eyni tərkibdə həm 1,5 manata həm də 10 manata seftriaksion satılır. Bəs bunlar bir-birindən nə ilə fərqlənir? Əlbəttə ki, tərkibinin təmizlənmiş və yaxud təmizlənməmiş xüsusiyyətlərinə görə. Eləcə də bu, dolğu və botokslara da aiddir. Yəni dünya brendi olan, tanınmış zavodların istehsal etdiyi dolğu və botokslar daha üstün, keyfiyyətli sayılır. Onların tərkibində məhz zərərli maddələr olmur və orqanizmə yad, kənar təsir göstərmir.

Onu da qeyd edək ki, bu rəqəmlər ölkəmizdə keçərlidir. Digər ölkələrdə isə üz dolğusu əməliyyatlarının qiyməti əl yandırır. Sadəcə üz prosedurlarının ödənişi 2,754 – 8584 dollar arasında dəyişir.

Çalışın, gözəllik uğruna canınızı qurban verməyin. Siz ən təbii halınızla çox daha gözəlsiniz. /Lent.az

Chosen
25
1
konkret.az

10Sources