EN

Əsədin iflası Türkiyə-Rusiya münasibətlərinin gələcəyini gündəmə gətirdi...

Image

Sədrəddin Soltan: "Bəşər Əsədin devrildiyi gün Rusiyanın Suriyadakı səfirliyinin binasinda yeni hakimiyyətin bayrağı asıldı"

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bildirib ki, Türkiyənin suriyalı yaraqlılara dəstəyi yenilik deyil.

“Biz başa düşürük ki, Türkiyə hər zaman hər şeyi öz maraqları üçün edib və onların Suriyadakı davranışları bizim üçün yenilik olmamalıdır. Məncə, biz bütün bunları bilməli və hazırlaşmalıydıq. Təbii ki, bu, Rusiya ilə Türkiyə arasında münasibətləri gərginləşdirəcək”.

Məlumdur ki, Turkiyə ilə Rusiya müttəfiq olsa da, onlar Suriyada rəqib idi.

Bu hadisə iki dövlət arasında münasibətlərə necə təsir edəcək? Yenidən anlaşaraq davam, yoxsa..?

Baki-xeber.com saytının sualına cavabında siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, Türkiyə ilə Rusiya heç vaxt strateji müttəfiq olmayib: "Turkiyə ilə Rusiya müxtəlif məsələlərə görə tərəfdaşdır. Məsələn, Rusiyanın təbii qazının satışında, "Akkuyu" AES-in tikintisində, müxtəlif energetika, tikinti, ticarət və başqa məsələlərdə Türkiyə Rusiyanın tərəfdaşıdır.  Türkiyə ilə Rusiya strateji müttəfiq olmaq imkanlarına malik deyillər. Çünki Turkiyə NATO-nun üzvdur, Qərb dövlətidir, Avropa İttfaqına üzv olmaq istəyən dövlətdir, öz maraqları var və müttəfiqlərinin maraqlarını qoruyur. Rusiya isə fərqli qütbdəndir, fərqli maraqları var və Yaxın Şərqdə Türkiyə ilə əks qütbdədir.

Məsələn, Rusiya PKK, PYD və YPG-ni terrorçu təşkilat kimi tanımır, Rusiyanın Dövlət Dumasi "erməni soyqırımı"nı tanıyır və s. Bu tip məsələlərdən, məsələn, Türkiyə Krım tatarlarının hüquqlarını müdafiə edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya isə bu məsələdə fərqli mövqedədir.

Suriyada da Türkiyə ilə Rusiyanın maraqları fərqli olub. 2015-ci ildə Rusiyanın qırıcı təyyarəsi Türkiyənin sərhədini pozduğuna görə türkmən döyüşçüləri tərəfindən vurulmuşdu.

Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, Rusiya isə zaman-zaman bu ölkənin federallaşmasını istəyib. İndiki məqamda da Rusiya Suriyanın taleyinə münasibətdə eyni mövqedədir. 2016-cı ildə BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qəbul etdiyi 2254 saylı qərarının lehinə səs verib. Yəni Rusiya zatən Bəşər Əsədin hakimiyyətdən getməsinə və Suriyanın ərazi bütövlüyu çərçivəsində keçid hökumətinin qurulmasına hələ 8 il əvvəl səs verib. Bu baxımdan Rusiya ilə Türkiyənin mənafeləri arasında elə ciddi ziddiyyət yoxdur. İndiki hadisələrdə Rusiya Bəşər Əsəd rejimini çox zəif şəkildə müdafiə etdi.

Hazırda "Astana formatı"nı çox hallandırırlar. Bu format çox mənasızdır. Çunki o format fəaliyyətdə olduğu dövrdə Rusiya hərbiçiləri Türkiyənin müdafiə etdiyi silahli birləşmələrə və Türkiyə patrul xidmətinə hücum etmişdi. Eyni zamanda, İran davamlı şəkildə Türkiyənin əleyhinə çıxıs edirdi.

Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında Suriya ilə bağlı məsələlərdə toqquşma baş verməyəcək. Bu baxımdan Rusiya ilə Türkiyə Suriyanın gələcək quruluşunda - dövlət hakimiyyəti quruluşunda ortaq mövqedən çıxıs edə biləcəklər.

Məsələn, Bəşər Əsədin devrildiyi gün Rusiyanın Suriyadakı səfirliyinin binasinda yeni hakimiyyətin bayrağı asıldı. Bu o deməkdir ki, Rusiya hakimiyyətə gələn yeni qüvvələri qəbul edir. Rusiya özünun Tartus və Hmeymimdəki bazalarını Suriyada saxlamaq fikrindədir.

Qeyd edək ki, müxalifət Rusiya bazalarına hücum etmədi. Bu da onu təsdiqləyir ki, Qərblə, o cümlədən Turkiyə ilə Süriya məsələsində müəyyən razılasma olub. Odur ki, perspektivdə Suriya məsələsində Türkiyə ilə Rusiya arasında dərin ziddiyyətin baş verəcəyi gözlənilmir. Onlar bu məsələlərdə razılaşacaq".

Dəniz NƏSİRLİ





Chosen
83
baki-xeber.com

1Sources