Son iki ildə müəllimlər sertifikasiya imtahanlarına cəlb olunur. Bu imtahanların nəticələri müəllimlər üçün olduqca vacibdir, çünki uğursuz nəticə onların işdən azad olunmasına və cəmiyyətdə savadsız müəllim kimi tənqid edilmələrinə səbəb ola bilər.
Xüsusilə, 20-30 illik pedaqoji təcrübəyə malik müəllimlər sertifikasiya imtahanında uğursuz olduqda, cəmiyyət onları dərhal savadsız müəllim kimi damğalayır.
Müəllimlərin sertifikasiya imtahanında uğursuz olmaları onların peşəkar qabiliyyətlərini tam əks etdirirmi?
AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, bu gün müəllimlər imtahan suallarının çətinliyi ilə bağlı etiraz edirlərsə, bu, əsassızdır:
"Hazırda sertifikasiya qaydalarının tətbiqi düzgün həyata keçirilmir. Sertifikasiya imtahanında təqdim olunan suallar orta məktəb şagirdlərinə ünvanlanan suallar səviyyəsindədir. 9-cu sinif səviyyəsini aşmayan suallar təqdim edilir".
E.Qafarov əlavə edib ki, əgər bir müəllim orta məktəb səviyyəsində olan suallara cavab verə bilmirsə və "mənə haqsızlıq edib, sertifikasiyadan kəsdilər",- kimi iddialar irəli sürürsə, bu yanaşma düzgün deyil:
“O halda, müəllimlərin öz peşəkar biliklərini daha da artırması, təhsil prosesinin keyfiyyətini yüksəltmək üçün öz üzərində çalışması vacibdir. Azərbaycanda ümumi təhsilin təşkili üçün müəyyən edilmiş altı əsas şərtdən biri şagird yönümlülük prinsipidir. Təhsil prosesinin mərkəzində şagird dayanır. Ölkədə 1 milyon 700 min şagird var və dövlət bütün təhsil siyasətini şagirdlərin maraqlarını müdafiə etməyə yönəldir”.
Həmsöhbətimiz müəllimlərə çağırış edib: "Müəllimlərimiz buna hazır olmalıdırlar ki, 2026-cı ildən sonra keçiriləcək sertifikasiya prosesində müddət üç ilə qədər azaldıla bilər. Həmin dövrdən etibarən sertifikasiya sualları artıq orta məktəb səviyyəsində olmayacaq, suallar daha çox metodik bacarıqları və müəllimlərin peşəkarlığını yoxlamağa yönələcək. Nəticə etibarilə, müəllimlər peşəkar kadrlar yetişdirdikləri üçün özləri də ən yüksək peşəkarlıq səviyyəsinə malik olmalıdırlar”.