EN

Gürcüstanda nümayişlər dayanmır - Aksiyalar 13-cü günə keçdi

Gürcüstanda nümayişlər 13 gündür ki, davam edir. Xatırladaq ki, etiraz aksiyaları yeni hökumətin Avropa İttifaqı ilə danışıqları 2028-ci ilin sonuna qədər təxirə salmasından sonra başlayıb.

 

Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına üzvlük danışıqlarını 4 il müddətinə dayandırdığını elan etməsindən sonra başlayan etiraz aksiyaları, əsasən, paytaxt Tbilisidə və qismən Batumidə keçirilir.

 

Dünən gecə parlament binası qarşısında Şota Rustaveli küçəsini nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər Tbilisidəki nümayişlər zamanı saxlanılanların da azad edilməsini tələb ediblər. Nümayişçilər ötən günlərdə olduğu kimi, gecə yarısından sonra dağılışmağa başlayıblar.

 

Qeyd edək ki, Gürcüstünın yeni hökuməti ilə Avropa İttifaqı arasında gərginlik müşahidə olunur. Baş nazir İrakli Kobaxidze noyabrın 28-də verdiyi açıqlamada bəzi avropalı siyasətçilərin Gürcüstanın daxili işlərinə qarışdıqlarını, yeni hökuməti Avropa İttifaqının pulları ilə şantaj etdiyini bildirmişdi.

 

“Bütün bunları nəzərə alaraq, biz onlarla danışıqlara başlamamaq qərarına gəldik. 2028-ci ilin sonuna qədər gündəmdə Avropa İttifaqı olmayacaq”, - ifadəsini işlədən Kobaxidze ölkəsinin 2030-cu ildə Avropa İttifaqına üzv olması üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.

 

ABŞ Dövlət Departamenti Avropa İttifaqı ilə danışıqları dayandıran Gürcüstanla strateji əlaqələrin dayandırıldığını açıqlayıb.

 

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaja Kallas isə hökumət əleyhinə nümayişçilərə dəstək verdiyini açıqlayıb.

 

Vasif

Sfera.az

 

Chosen
10
sfera.az

1Sources