Restoranlarda servis haqqının alınması qanunsuzdur? — Vəkildən AÇIQLAMA
Yeni il gecəsi və bir neçə gün öncə üçün qiymətlərin artacağı müşahidə olunur. Adambaşı 100 manatdan başlayan banket menyuları və şişirdilmiş servis haqqı insanlarda narazılıq doğurur.
Məsələ ilə bağlı tanınmış vəkil Turan Abdullazadə Demokrat.az-a açıqlamasında bildirib ki, hər bir vətəndaşın getdiyi ictimai-iaşə obyektində, kafedə, restoranda menyu ilə tanış olmaq hüququ var.
Onun sözlərinə görə, menyunun təqdim olunmaması tam qanunsuzdur:
"Menyudakı qiymətlərin əvvəlki qiymətlərdən kəskin fərqləndiyini müəyyən edən vətəndaş həmin restoranın, kafenin xidmətlərindən yararlanmadan oranı tərk edə bilər, bununla bağlı aidiyyəti qurumlara şikayət edə bilər.
Bundan əlavə menyuda qeyd olunmayan və öz əksini tapmayan əlavə xidmət haqqının tələb olunması da qanunvericiliklə qadağandır. Dünyanın hər yerində istehlakçıya yaxşı xidmət göstəriləndə, onsuz da, istehlakçı mütləq artıq pul verir. Ancaq zorla ondan menyuda öz əksini tapmayan əlavə servis haqqının tələb olunması qəti qadağandır".
Vəkil deyib ki, adətən bahalı restoranlarda əlavə servis haqqı tələb olunması hallarına rast gəlinir:
"Buna görə də həmin restoranlara gedərkən və sifariş verməmişdən öncə menyuya diqqətlə nəzər yetirmək lazımdır. Menyuda əlavə faiz və ya əlavə ödəniş kimi servis haqqı qeyd edilibsə, siz bununla razılaşmayaraq oranı tərk edə bilərsiniz. Lakin menyuda hər hansı faizin tutulması və ya əlavə ödənişin olması ilə bağlı qeyd olmadan sonradan yazılı təqdim olunan "hesab" da bu məbləğin göstərilərək tələb edilməsi qanunsuzdur və məsuliyyətə səbəb olur".
O qeyd edib ki, bu cür məsələlərə Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi baxır:
"Menyuda qeyd edilmədən hər hansı faizin tutulması, əlavə ödənişin, yaxud musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır və göstərilən xidmətlər və ya işlər üçün menyuların olmaması və ya onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır".
Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Yalnız fərdi müraciətlər əsasında araşdırma aparılır.
Əfsanə Kamal
Demokrat.az