Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzEdu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Təqsirləndirilən Nuridə Seyidova cinayət işində özünü qismən təqsirli bildiyini deyib. Digər şəxslər isə özlərini təqsirli bilməyiblər.
Təqsirləndirilən şəxslər və zərərçəkmişlər əvvəlki ifadələrini təsdiqləyiblər.
Daha sonra məhkəmənin göndərdiyi sorğular əsasında daxil olmuş sənədlərə baxılıb.
Mərkəzi Gömrük Komitəsinin tibb xidmətindən sorğuya cavab olaraq bildirilib ki, Mircəlal Kazıminin icra etdiyi əməliyyatlara və göstərilən digər tibbi xidmətlərinə görə, "Urmed Help" şirkətinin onlara 245.265 manat borcu qalıb.
Belə ki, təqsirləndirilən şəxslərin şirkətin qaraciyər və ya böyrək köçürülməsi məqsədilə göndərdiyi xəstələrin pullarının bir qismini ödəməyiblər.
Orada ximət göstərilən həmin xəstələrin adları da qeyd olunub. Nuridə Seyidova adıçəkilən şəxslərin bir qismini tanıyıb.
Əlavə edilib ki, "Urmed Help" şirkəti ilə Mərkəzi Gömrük Hospitalının müqaviləsi olub. Onlar, qarşılıqlı əlaqələr yaradaraq xəstələrin müalicəsini təşkil ediblər.
"Bona Dea" xəstəxasından isə sorğuya cavab olaraq qeyd olunub ki, göndərilən məktuba əsasən, xəstəxananın “Urmed Help” ilə müqaviləsi olmayıb. Sadəcə, Aysel Məmmədova ora qaraciyər və ya böyrək köçürülməsi üçün iki nəfər xəstə yönləndirib. “Urmed help” şirkəti bunun üçün, həmin xəstəxanaya 35 min manat pul ödəyib”.
Prosesdə iştirak edən zərərçəkmişlərdən biri isə məhkəmədən xahiş edib ki, onların pullarının harada olduğu deyilsin: “Bu təqsirləndirilən şəxslər cinayəti özləri etməyiblər. Onların arxasında kimin olduğunu müəyyən edin".
Proses zərərçəkənlərin dindirilməsi üçün dekabrın 18-dək təxirə salınıb.
Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı ötən ilin fevral ayında daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlıq dələduzluq edib. Nuridə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.