Parisdə “Quai Branly” muzeyində magistrantlar üçün “Mədəni irs hüququ” adlı kollokvium keçirilib.
AZƏRTAC xəbər verir ki, kollokvium çərçivəsində “Mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masada Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova ölkəmizin tarixi, qədim və zəngin mədəni irsi, onun qorunması, eləcə də mədəniyyət diplomatiyasının müstəsna rolundan danışıb. O, Fransadakı səfirliyin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində apardığı həyata keçirdiyi layihələr haqqında məlumat verib, mədəniyyət diplomatiyasının ölkənin tanıdılması və təşviqi istiqamətində, eləcə də insanlar arasında dialoqa, yaxınlaşmağa verdiyi töhfələrdən söz açıb. Bildirib ki, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Ölkədə yaşayan bütün dinlərin, etnik qrupların nümayəndələri birgə mehriban yaşayırlar.
Dəyirmi masada Prezident İlham Əliyev tərəfindən dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsünün irəli sürülməsindən, “Bakı Prosesi”nin dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilməsindən bəhs olunub. Dinlər və mədəniyyətlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışılıb. Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə müxtəlif dinlərə məxsus mədəniyyət abidələrinin bərpası sahəsində Fransa, İtaliya və Vatikanda həyata keçirdiyi layihələrdən bəhs olunub.
UNESCO konvensiyalarının mədəni irsin qorunması sahəsində səmərəliliyinə gəldikdə isə qeyd olunub ki, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması” haqqında 1954-cü il Konvensiyasına baxmayaraq, torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə bu ərazilərdəki tarixi və mədəniyyət abidələrimiz dağıdılıb və konvensiyaya riayət edilməyib.
Diqqətə çatdırılıb ki, bəzi ölkəllərin genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail olub. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb. Ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirilib. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu, eləcə karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Bakıda keçirilən COP29 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.
Tədbirdə mədəniyyət diplomatiyasının iki ölkə arasında bütün sahələrdə əməkdaşlığa töhfə verdiyi, Parisin mərkəzində keçirilmiş “Azərbaycan şəhərciyi” və bu layihə çərçivəsində mədəniyyətimizin, mətbəximizin, incəsənətimizin təşviq edildiyi bildirilib.