EN

ABŞ-da qiymətlər bahalaşır: FED nə qərar verəcək?

Noyabrda ABŞ-da istehlak qiymətləri (CPI) ötən ilin eyni ayı ilə müqayisədə 2,7 faiz artıb.

Musavat.com ölkənin Əmək Nazirliyinin hesabatına istinadən xəbər verir ki, artım tempi oktyabrdakı 2,6 faizlə müqayisədə daha da sürətlənib.

"Market Watch" və "Trading Economics" analitiklərinin konsensus proqnozları da noyabrda ABŞ-da inflyasiyanın 2,7 faizə qədər sürətlənəcəyini nəzərdə tuturdu.

Beləliklə, artıq ikinci aydır ki, ABŞ-da inflyasiya sürətlənir.

Noyabrda ABŞ-da enerji qiymətlərinin azalma tempi bir ay əvvəlki 4,9 faizdən illik ifadədə 3,2 faizə düşüb. Benzin 8,1 faiz ucuzlaşıb, qaz 1,8 faiz, elektrik enerjisi isə 3,1 faiz bahalaşıb.

Ərzaq qiymətlərinin artımı oktyabrdakı 2,1 faizdən ötən ay 2,4 faizə qədər sürətlənib. Nəqliyyat vasitələrinin sığortası xidmətləri 12,7 faiz, tibbi xidmətlər 3,1 faiz, təhsil xidmətləri 4,2 faiz bahalaşıb.

ABŞ-da istehlak qiymətləri oktyabr ayı ilə müqayisədə noyabrda 0,3 faiz artaraq aprel ayından bəri ən yüksək aylıq artım olub. Mütəxəssislər də orta hesabla oktyabrda artımın 0,2 faizdən 0,3 faizə qədər sürətlənəcəyini gözləyirdilər.

Ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətləri (Əsas CPI indeksi) keçən ay oktyabr ayı ilə müqayisədə 0,3 faiz, illik ifadədə isə 3,3 faiz artıb. Göstəricilərin dinamikası həm oktyabr ayı dəyişiklikləri, həm də bazar proqnozları ilə üst-üstə düşüb.

Federal Ehtiyat Sistemi ölkədə istehlak qiymətlərinin artım tempi ilə bağlı məlumatları diqqətlə izləyir ki, bu da pul siyasəti ilə bağlı qərarların qəbul edilməsində əsas amillərdən biridir. ABŞ Mərkəzi Bankının inflyasiya hədəfi 2 faizdir. FED-in növbəti iclası dekabrın 17-18-də baş tutacaq.

Musavat.com

Chosen
21
musavat.com

1Sources