EN

Hər bayramqabağı qiymətlər bahalaşır - EKSPERTDƏN PROQNOZ

Yeni il süfrəsinin qurulmasında istifadə olunan əsas məhsullar nədirsə, hamısında qiymət artımı müşahidə olunacaq

Yeni ilə az qalıb. Hər kəs bayram axşamını təmtəraqlı keçirmək və süfrəsinin naz-nemətlərlə dolu olmasını istəyir. Maraqlıdır, bəs bayramqabağı qiymətlər necədir? "Baku TV"-nin əməkdaşları bunu araşdırmaq üçün paytaxtdakı bazarlardan birində olublar. "Fındığın qiyməti 14-15, badamın isə 17-24 manat arasında dəyişir. Kişmiş 22-24 manatadır. Şabalıdı 14-15 manata satırıq. Düyü isə 3 manat 50 qəpikdən 10 manata kimidir", - satıcılardan biri deyib.
Satıcılar deyirlər ki, bazarda alıcılıq qabiliyyəti bir qədər zəifdir. Onların sözlərinə görə, adətən bayrama bir neçə gün qalmış bazarlarda sıxlıq müşahidə olunur.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, ötən illərlə müqayisədə ərzaq məhsullarının qiymətində ciddi artım var. Oktyabr ayına olan məlumata görə, istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb: "Ət və ət məhsulları son 12 ayda 4,4, meyvələr isə 9 faizə qədər bahalaşıb. Kərə yağında 3 faizə qədər bahalaşma müşahidə olunur. 2022-ci ilə nisbətən 2023-cü ildə qiymət artımı daha sürətli idi. Lakin 2023-cü illə müqayisədə qeyd olunan ərzaq məhsulları üst-üstə 5 faizdən çox bahalaşıb. Bu o deməkdir ki, eyni süfrəni əvvəlki ildəki kimi qurmağa çalışsanız, təqribən 100 manatlıq süfrə 105-106 manata başa gələcək".

İqtisadçı-ekspert Fuad İbrahimli isə “Sherg.az”a açıqlamasında deyib ki, bayramqabağı bu cür bahalaşmalar təkcə Azərbaycanda deyil, bütün ölkələrdə olur. Onun sözlərinə görə, istənilən bayram, tədbir, mövsüm ərəfəsi və yaxud insanların hər hansısa bir məhsula tələbatının artdığı dövrdə ticarət fəndidir: 

“Azərbaycanda uzun illərdir ənənəvi olaraq Yeni il qabağı, eləcə də Novruz bayramından öncə tələbin yüksəlməsi nəticəsində ərzaq məhsullarının qiyməti artır. Gündəlik tələbat malları da daxil olmaqla, Yeni il süfrəsinin qurulmasında istifadə olunan əsas məhsullar nədirsə, hamısında qiymət artımı müşahidə olunacaq. Bu həm də mövsümlə əlaqəlidir, çünki təqribən noyabrdan sonra yerli məhsulların bazara çıxmasında müəyyən çətinliklər olur. Onların sayı, həcmi azalır. Eyni zamanda yerli istehsalımız zəifdir və buna görə xaricdən daha çox məhsullar gətirilir. Dünyada daşınma xərclərində də artımlar müşahidə olunur".           

Chosen
25
sherg.az

1Sources