EN

Bölgə klubunun erkən süqutu?

Mövsümə iddialı başlayan "Karvan" ardıcıl 6 qələbə ilə hər kəsi təəccübləndirməklə bərabər, həm də sevindirdi. Çünki bir bölgə klubunun yüksəlişi istənilən futbol adamını xoşbəxt etməyə bilməz.

Axı rəqabət, inkişaf məhz regionlardan başlayır/başlamalıdır!

Amma komandaya nə oldusa, bundan sonra oldu.

Komanda 7-ci turda Birinci Liqanın ortabablarından sayılan "Cəbrayıl"dan evdə məğlubiyyət aldı - 1:2.

8-ci turda yaşananlar isə bəlkə də çempionluq yolunda hər şeyin sonu oldu deyə bilərik.

Kənan Kərimovun kollektivi "Qəbələ"yə məğlubiyyətlə birinci pilləni əldən verdi.

Hər şey bununla bitsəydi nə vardı.

AFFA İntizam Komitəsinin qərarları əsas rəqiblə oyundakı məğlubiyyəti kölgədə qoydu.

Yevlax təmsilçisinə üst-üstə 1730 manat pul cəzası kəsildi.

Komandanın əsas fiqurlarından hesab edilən Müşfiq Teymurov və Bəhruz Teymurov qarşıdakı 4 görüşdə komandasına kömək edə bilməyəcək. Onsuz da geniş heyəti olmayan region komandası üçün iki əsas heyət üzvü olmadan mübarizəyə davam etmək ağır olacaq.

Bundan başqa baş məşqçi Kənan Kərimov 3, köməkçisi Zaur Hacıyev 5 oyunda ehtiyat skamiyadan futbolçulara tapşırıq verə bilməyəcək.

Çempionluq yarışında olmaq həm də iradə mübarizəsidir.

Emosional davranışların sonu belə acı nəticələrə yol açır.

Görünür, "Karvan" üçün belə böyük hədəf uğurunda yarışda olmaq hələ tezdir.

Halbuki fantastik başlanğıc uğurlu son üçün əla psixoloji dəstək idi.

Amma yevlaxlılar uzun illər sonra ələ düşən bu cür fürsəti öz əlləri ilə geri çevirdilər.

Yəqin ki, mövsümün sonu bu qarşılaşmada yaşananlar "Karvan" camiəsini indikindən daha çox incidəcək.

Prosesin bu məcraya yan almasına "Karvan"ı süquta aparan yol da deyə bilərik. Qarşıdakı oyunlar hər şeyi öz çılpaqlığı ilə daha aydın göstərəcək. İzləyək...

XANOĞLAN İMANOV

Chosen
33
sportinfo.az

1Sources