EN

Ukrayna Rusiyanın Rostovdakı hərbi hava limanına zərbə endirdi

Vətəninfo.az xəbər verir ki ,Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın Rusiyaya məxsus Rostov vilayətindəki hərbi hava limanına Amerika istehsalı olan uzun mənzilli Quru Taktiki Raket Sistemi (ATACMS) ilə hücum etdiyini və bununla bağlı zəruri tədbirlərin görüləcəyini açıqlayıb.

Nazirlikdən verilən məlumatda Ukrayna ordusunun dünən səhər Rostov vilayətinin Taqanroq şəhərində yerləşən hərbi hava limanına Qərb istehsalı olan yüksək dəqiqlikli silahla hücum etdiyi bildirilib. Açıqlamada “Aparılan araşdırmalar nəticəsində hücumda 6 ədəd ATACMS raketinin istifadə edildiyi müəyyən olunub. Bunlardan 2-si Pantsir Hava Hücumundan Müdafiə Sistemi ilə vurulub, qalanları isə elektron vasitələrlə zərərsizləşdirilib” ifadələrinə yer verilib.

Vurulan raket parçalarının düşməsi nəticəsində hərbi personalın yaralandığı, hava limanına məxsus 2 binanın, 3 hərbi avtomobilin və avtomobil dayanacağında mülki şəxslərə məxsus avtomobillərin zərər gördüyü qeyd olunub. Verilən açıqlamada “Qərb istehsalı olan uzun mənzilli silahla həyata keçirilən bu hücum cavabsız qalmayacaq. Bu məsələ ilə bağlı zəruri addımlar atılacaq” ifadəsi işlədilib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi keçən ay da Ukraynanın Rusiyaya məxsus Bryansk və Kursk bölgələrindəki obyektlərə ATACMS raketləri ilə hücum etdiyini açıqlamışdı. Rusiya Prezidenti Vladimir Putin 28 noyabrda Amerika və Böyük Britaniya istehsalı olan uzun mənzilli silahların Rus ərazilərinə qarşı istifadəsinə cavab olaraq Ukraynanın hərbi obyektlərinə 90 raket və 100 pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil etdiklərini bildirmişdi.

Chosen
20
1
veteninfo.az

2Sources