EN

Pensiya artımı kimlərə şamil ediləcək?

Alim Hüseynli

Gələn ilin dövlət büdcəsi qəbul edildikdən sonra vətəndaşları düşündürən əsas məsələlərdən biri əmək pensiyalarında gözlənilən artım, onun kimlərə şamil ediləcəyi və nə vaxt veriləcəyi ilə bağlıdır. Belə fikirlərə rast gəlmək olur ki, əmək pensiyalarının artırılması barədə söz gedəndə yalnız yaşa görə əmək pensiyasının artacağı nəzərdə tutulur. Belə fikirlər də yer alır ki, növbəti ilin əmək pensiyası əvvəlki ilin orta ilik inflyasiyası səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli qeyd edib ki, belə məsələlərə münasibətdə yanlışlıq və qarışıqlıq olmasın deyə əvvəlcə  sözügedən məsələlərə dair "Əmək pensiyaları haqqında" qanunun tələblərini nəzərdən keçirmək lazımdır: "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən  əmək pensiyalarına  yaşa görə əmək pensiyası ilə yanaşı, həm də  əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası da daxildir. Bu ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edib. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. İlin sonuna bu rəqəmlərdə qismən dəyişikliklər olacaq. Pensiya artımı 1,1 milyon nəfərə yaxın bütün növ pensiyalara, yəni yaşa görə, əlilliyə  və ailə başçısını itirməyə görə əmək pensiyası alanlara şamil ediləcək. "Əmək pensiyaları haqqında" qanunun 29-cu maddəsinin 1-ci bəndinə  əsasən  əmək pensiyaları ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamına əsasən indeksləşdirilir. 2025-ci il yanvarın 1-nə  2024-cü il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi  orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq  xüsusi sərəncamla 2025-ci il yanvarın 1-dən bütün növ əmək pensiyaları, yəni  yaşa görə, əlilliyə görə və  ailə başçısını itirməyə görə əmək pensiyaları artırılacaq. "Əmək pensiyaları haqqında" qanunun 29.1-1 maddəsinə uyğun olaraq  isə sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin,yəni inflyasiyanın  illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdiriləcək".
      Millət vəkili əlavə edib ki, gələn il əmək pensiyalarının nə qədər artacağı barədə mətbuatda müxtəlif rəqəm və mülahizələr irəli sürülür: "Daha çox 8-9 faiz arasında artımdan söhbət gedir. Amma həqiqi məlumat yalnız 2025-ci il fevralın əvvəllərində məlum olacaq ki,pensiyaların indeksləşməsində hansı rəqəm əsas götürüləcək. Bu əsasda Əmək pensiyalarının indeksləşdirilməsi haqqında  xüsusi Prezident Sərəncamı olacaq. Artım gələn ilin yanvar ayından hesablanacaq. Amma  yanvar ayında 2024-cü ilin orta əmək haqqının artım göstəricisi barədə məlumat hazır olmadığından, vətəndaşlar 2025-ci ilin yanvar ayında builki məbləğdə  pensiya alacaqlar.Yanvar ayının artan pensiya məbləğı fevralda veriləcək. Beləliklə həm yanvar, həm də fevral ayının pensiya artımları 2025-ci ilin fevral ayında birlikdə ödəniləcək. Artıq qeyd etdiyimiz kimi, pensiya artımı təqribən 1,1 milyona yaxın pensiyaçını əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources