EN

Bu şəxslərə vacib xəbər: İşsiz qalsanız, maaş azalsa...

Hər kəs birdəfəlik ödəniş  etməklə mənzil ala bilmir. Bir çoxlarının buna maddi gücü çatmır. Bu səbəbdən müxtəlif üsullara üz tuturlar. Bunlardan biri də ipotekadır. İpoteka ilə mənzil almaq ciddi bir qərardır və diqqətli planlaşdırma tələb edir.

Maraqlıdır, kreditlə mənzil alanlar bir neçə il sonra hansı çətinliklərlə  qarşılaşır?

Məsələni daha dəqiq anlamaq və problemlərlə tanış olmaq üçün iqtisadçıların rəyini öyrənməyə çalışdıq.

İqtisadçı Əkrəm Həsənov Yenisabah.az-a bildirib ki, ən böyük problem vətəndaşın ipotekanı ödəyə bilməməsidir:

“Vətəndaş işsiz qalsa, yaxud maaş azalsa, xərclər artarsa, vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, ipoteka sahəsində də belə problemlər ortaya çıxa bilir. Belə halların real həlli yoxdur. Evin ödənişini gecikdirmək, ödəməmək ciddi problemə çevrilir. Bank vaxtı uzatmır, əlavə güzəştə getmir. Vətəndaş məhkəməlik, evi isə hərraclıq olur. Nəticədə əmlak satılır və borc ödənilir. Kreditlə mənzil alan vətəndaşların ən çox başına gələn bu sadalanan problemlərdir”.

İqtisadçı Eyyub Kərimli isə məsələnin digər tərəfini izah edib:

“Azərbaycanda illik infilyasiyanı nəzərə alsaq, ipoteka ilə kredit götürülməsi daha məqsədəuyğundur. Manatın dəyərdən düşməsi ilə əlaqədar ipoteka ödənişləri daha rahatlaşır. Çünki bəzi hallarda ipotekalar uzunmüddətli verilir. Manatın dəyərsizləşməsi əməkhaqqılara təsir göstərir və beləliklə ödənişlər də bir o qədər asanlaşır.

Sözsüz ki, bizdə bəzi hallarda ipoteka faizləri yüksəkdir. Lakin Dövlət İpoteka Fondu tərəfindən illik 7 və 4 faizlə verilənlər də var. Amma daxili ipoteka ilə olanda bu daha baha başa gəlir. Hesab edirəm ki, bu cür yanaşma bütün dünya üzrə daha məqsədəuyğundur və tətbiq edilən beynəlxalq praktikadır. Burada həssas məsələ var ki, daha çox həssas təbəqəyə ipotekanın əlçatanlığı təmin olunmalıdır. Gəlirləri az olan təbəqə bundan istifadə edə bilmir. Regionlar üçün ipoteka proseslərinin həyata keçirilməsi də digər variantardan biridir. Orada yaşayan insanlar üçün də ipoteka daha əlçatan olmalı, şərtlər daha da yumşaldılmalıdır. Bu il İpoteka Fonduna 100 min manata yaxın əlavə vəsait ödənildi. Bu da daha geniş imkanlar yaradır. Əsasən də, fondun həyata keçirdiyi kirayə mənzillər sistemində daha az ilkin ödənişlə hazır mənzil əldə etmək olur və ödənişlər tamamlandıqdan sonra mənzil vətəndaşa qalır”.

Aytac Şahin


Telegram kanalımız
Chosen
40
11
yenisabah.az

10Sources