EN

Qalib Azərbaycanda Heydər Əliyev irsi

“Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”.

Heydər ƏLİYEV

Ümummilli lider Heydər Əliyevin siyasi irsi çağdaş Azərbaycanın tarixində bir özül rolunu oynayır. Onun strateji baxışı, idarəetmə modeli və milli dövlətçilik prinsipləri Qalib Azərbaycanın zəfərlərində və dünyabaxışında önəmli iz buraxıb. Ancaq bu irs yalnız tarixi uğurlardan ibarət deyil; Heydər Əliyev irsi davamlı inkişafın, milli həmrəyliyin və qlobal perspektivlərin bələdçisi olan gələcəkyönümlü tarixi hadisədir.

İrsdən Zəfərə: Heydər Əliyevin yol xəritəsi

Heydər Əliyev müstəqillik dövrünün ən kritik mərhələsində Azərbaycanı xaosdan sabitliyə, sabitlikdən isə inkişafa aparan bir lider kimi tarixə düşüb. Onun enerji strategiyası – özəlliklə, siyasi iradəsinin təntənəsi olan Bakı-Tiflis-Ceyhan layihəsi – yalnız iqtisadi yüksəlişə deyil, həm də Azərbaycanın qlobal siyasi önəminin artmasına şərait yaratdı. Bu strategiya, həmçinin 2020-ci ildə Qarabağda qazanılan Zəfərin geopolitik zəminini hazırladı. Ümummilli liderin öz sözləri ilə desək, “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. – Güclü iqtisadi bazis olmadan hərbi gücün dayanıqlılığının çətin olduğu heç kəs üçün sirr deyildir.

Zəfərdən irsə: Yeni mərhələdə Heydər Əliyevin dəyərləri

Qalib Azərbaycan Heydər Əliyevin qoyduğu təməllər üzərində yüksəlir – bu, sadəcə tarixi irsin qorunması ilə məhdudlaşmır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Ümummilli liderin ideyalarını XXI yüzilin çağırışlarına uyğun olaraq, həyata keçirir. Qarabağın, Gündoğar Zəngəzurun qurtuluşu yalnız hərbi zəfər deyil, həm də Heydər Əliyevin milli həmrəylik və ərazi bütövlüyü prinsipinin həyata keçməsidir.

Ata vəsiyyəti və Ali Baş Komandanın Zəfər raportu!

Heydər Əliyevin siyasi fəlsəfəsində “milli mənlik şüuru” önəmli tuturdu. Bu, yalnız Azərbaycanın sərhədləri daxilində yaşayan azərbaycanlılara deyil, bütün Dünya azərbaycanlılarına ünvanlanan bir çağırış idi. İlham Əliyevin başçılığı ilə bu fəlsəfə parlaq gerçəklik qazandı: işğalçı Ermənistan və havadarları üzərində qazanılan Zəfər, yalnız torpaqların qurtuluşu deyil, həm də milli qürurun bərpası, yeni milli hədəflərlə çıxış etmə imkanı deməkdir! Şuşa azad olunanda, Xankəndində bayraq ucaldılanda Prezidentin ürəyindən keçənlər və nitqində əks olunanlar ümumxalq arzu və istəklərinin toplusu olub, əcdadın ruhunu şad etdi, gələcək nəsillərə yol göstərdi...

Heydər Əliyevi anlamaq və gələcəyə baxmaq

Dövlət müstəqilliyimizin taleyinin xalqımızın birliyindən, həmrəyliyindən, xalqın öz müstəqilliyini qorumaq əzmindən asılı olduğunu bildirən Ümummilli lider deyirdi: “Mən müstəqil Azərbaycanın dövlətçiliyini, suverenliyini, bütövlüyünü qorumaq üçün həyatımı qurban verməyə hazıram”.

Ümummilli liderin irsini anlamaq sadəcə onun keçmişdə gördüyü işləri qiymətləndirməkdən ibarət deyil, əlbəttə; əlbəttə, onun ideyaları çağdaş texnologiya və qlobalizasiya dönəmində də aktualdır. Örnəyi, onun iqtisadi inkişaf fəlsəfəsi çağdaş dövrdə yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf kimi prioritetlər üçün də, bələdçi rolunu oynayır.

Beləliklə, Heydər Əliyev irsi yalnız tarixi deyil, eləcə də, gələcəyə baxışı ifadə edir. Qalib Azərbaycanın durumu, tutumu onun uzaqgörən siyasətinin, müdrik dövlətçilik məktəbinin və xalqcanlılığının təntənəsidir. 44 günlük müharibədə və bir sutkadan da qısa sürən antiterror tədbirlərində əldə edilmiş tarixi uğur, bu irsin davamlılığının sübutu, gələcək isə bu irsin yeni mərhələlərdə necə inkişaf edəcəyinin göstəricisi olacaqdır.

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
 

Əkbər QOŞALI

Chosen
9
4
modern.az

5Sources