EN

Xətaidə Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası, YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "Müdrik siyasət, tarixi uzaqgörənlik, Böyük Qayıdış: Qarabağda və Şərqi Zəngəzurda quruculuq-bərpa prosesi” mövzusunda tədbir keçirilib.

Aktual.az xəbər verir ki əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xətai rayonu ərazisində yerləşən abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.

YAP Xətai rayon təşkilatında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, müasir Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir: "Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib. Uğurlarımızn zirvəsində isə Qarabağ Zəfəri dayanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə nəhəng quruculuq işləri həyata keçirilməkdədir”.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçilik tariximizdə mühüm yer tutur: "Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq təhlükəsi qarşısında olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrildi”.

YAP Veteranlar Şurasının sədri diqqətə çatdırıb ki, hazırda Azərbaycan inkişafının ən möhtəşəm dövrünü yaşayır. A.Rəhimzadə qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qazandığı Qarabağ Zəfəri ilə güclü və qüdrətli dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi: "Müharibənin başa çatmasından sonra erməni işğalından azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması qarşıda dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Bölgənin dirçəldilməsi ümumilikdə ölkəmizin inkişafına və insanların rifah halının daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək”.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxışında Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. O qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçrilən genişmiqyaslı quruculuq işləri də bu reallığı təsdiqləyir.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin adı tariximizə əbədi həkk olunub. Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri sistemli şəkildə həyata keçirilir. Bərpa işlərində milli memarlıq üslübu ilə yanaşı, yeni yanaşmalar tətbiq olunur.

YAP Veteranlar Şurasının üzvü hər bir ölkənin uğurlu gələcəyinin gənclərdən asılı olduğunu deyib: "Ona görə də Azərbaycan gəncliyi müstəqil dövlətimizi qorumaq, daha da inkişaf etdirmək üçün yüksək biliklərə yiyələnməli, layiqli vətəndaş kimi formalaşmalı və milli-mənəvi dəyərlərimizi qorumalıdır”.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mixail Zabelin Ulu Öndər Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi ilə bağlı gördüyü işlərdən bəhs edərək vuğulayıb ki, onun idarəçilik təcrübəsi, siyasi iradəsi, liderlik keyfiyyətləri hər bir çətinliyin öhdəsindən uğurla gəlməsini şərtləndirib: "Bu gün həmin siyasi iradəni Prezident İlham Əliyev nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoymaq Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün və qüdrətinin nəticəsidir”.

Çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycanın inkişafı üçün çalışıb: "Bugünkü müasir, müstəqil Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır”.

O qeyd edib ki, bu gün Azərbaycan dövləti Ulu Öndərin ideyaları əsasında inamla inkişaf edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin böyük sürətlə davam etdiyini deyən deputat qeyd edib ki, qarşıdakı dövrdə Böyük Qayıdış Proqramının tam icra olunması, ordumuzun daha da gücləndirilməsi əsas vəzifələr sırasındadır. "Prezident İlham Əliyev bu istiqamətdə uğurlu siyasət həyata keçirir. Bütövlükdə, qazanılan nailiyyətlər Heydər Əliyev siyasətinin təntənəsidir. Bizim vəzifəmiz görülən işlərə, inkişaf siyasətinə dəstək olmaqdır” ,- deyə V.Rəhimzadə vurğulayıb.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva çıxışında Ulu Öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edib. Onun sözlərinə görə, bu qayğının nəticəsində Azərbaycan gəncliyi yüksək bilik və bacarıqlara yiyələnib. Prezident İlham Əliyevin siyasətində də bu amil əsas yer tutur. "Yüksək vətənpərvərlik ruhuna sahib olan gənclərimiz torpaqlarımızın erməni işğalından azad edilməsində qəhrəmanlıq dastanı yazdılar. Gənclərimiz bu gün Qarabağdakı quruculuq işlərində də fəal iştirak edirlər” ,-deyə deputat qeyd edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İşğaldan azad olunmuş ərazilərdə layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov işğaldan azad olunmuş ərazilərdə görülən işlər haqqında məlumat verib. O qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış həm məzmununa, həm də miqyasına görə dünya praktikasında alternativi olmayan bir yenidənqurma təcrübəsidir.

R.Hüseynovun sözlərinə görə, ötən dövr ərzində işğaldan azad olunmuş ərazilərin ümumi planı ilə yanaşı, 8 şəhərin baş planının hazırlanması üzrə işlər tamamlanıb, bundan əlavə 90-a yaxın kənd və qəsəbədə ərazi planlaşdırılması işləri icra edilib: "Bugünədək 30-dan çox yaşayış məntəqəsində tikinti işlərinə start verilib. Şəhər, kənd və qəsəbələrdə müfəssəl planlaşdırma normalarına və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yeni yaşayış infrastrukturu, sosial təyinatlı obyektlər, ictimai məkanlar yaradılır. Yaşıllıqların qorunması və artırılması, yeni açıq ictimai məkanların təqdim edilməsi nəticəsində Qarabağ və Şərqi Zəngəzurun bütün şəhərləri "yaşıl şəhər” prinsiplərinə uyğun yenidən qurulur. Eyni zamanda, bugünədək işğaldan azad edilmiş ərazilərdə 168 000 hektara qədər sahə minalardan təmizlənib. Təmizlənmiş ərazilərin 21 500 hektarı yaşayış məntəqələrinin payına düşür”.

O qeyd edib ki, hazırda Qarabağ iqtisadi rayonu üzrə daha 4 şəhərin baş planı işlənilir: "Təkcə qarşıdakı 2 ildə 50-yə yaxın kənd və qəsəbənin planlaşdırılması nəzərdə tutulur”.

YAP Veteranlar Şurasının üzvü Adilə Abasova isə çıxışında Ümummilli Lider Heydər Əliyevin ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. O bildirib ki, Heydər Əliyev tarix yazan dahi şəxsiyyətdir: "Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”.

Çıxış edən Vətən Müharibə Qəhrəmanı Zaur Hüseynov Ulu Öndər Heydər Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi üçün xidmətlərindən bəhs edib. O deyib ki, hələ sovetlər dönəmində C.Naxçıvanski adına hərbi məktəbin yaradılması bu baxımdan çox mühüm əhəmiyyətə malikdir. Bildirib ki, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində güclü Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Chosen
48
3
ulusum.az

5Sources