İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” sahəsində təlim keçirilib. İki hissədən ibarət təlim öhdəlik daşıyan şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi sahəsində mövcud tələblərin tətbiqinə, bu sahədə istintaq məsələlərinə həsr olunub.
Təlimin birinci hissəsində 300-dən artıq öhdəlik daşıyan şəxs iştirak edib. Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb. Daha sonra Maliyyə monitorinqi şöbəsinin rəisi Orxan Abdinov təlimin məqsədləri haqqında danışıb. Vurğulanıb ki, 2024-cü il ərzində ƏL/TMM sahəsində nəzarət orqanı olaraq DVX-nın resursları maarifləndirmə istiqamətində yönəldilib. Öhdəlik daşıyan şəxslərin yeni sahə ilə bağlı tam məlumatlandırılması və sanksiyaların zəruri maarifləndirmə tədbirləri həyata keçirilmədən tətbiq edilməməsi basilica prioritetlərdəndir. 2025-ci ildə bu sahədə qoyulan tələblərin yerinə yetirilməsi ilə bağlı öhdəlik daşıyan şəxslərdən müvafiq addımların atılmasının gözlənildiyi, əks halda sanksiyaların tətbiq ediləcəyi iştirakçıların nəzərinə çatdırılıb.
Tədbirdə Maliyyə Monitorinqi Xidmətinin Nəzarət orqanları ilə iş şöbəsinin rəisi Kifayət Nəsirli və şöbənin əməkdaşları “Qeyri-maliyyə institutları və peşə sahiblərinin ƏL/TMM sahəsində əsas öhdəlikləri” mövzusunda təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarının sualları cavablandırılıb, rəy və təkliflər dinlənilib, müvafiq mövzular barədə izahatlar verilib. Dövlət Vergi Xidməti tərəfindən bu mövzuda növbəti təlimlərin təşkil olunacağı və qanunvericiliyin tətbiqi istiqamətində öhdəlik daşıyan şəxslərə lazımi metodiki köməklik göstəriləcəyi bildirilib.
Təlimin ikinci hissəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ilə bağlı cinayətlərin istintaq məsələləri hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə müzakirə edilib. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin şöbə rəisi Faiq İsazadə, Maliyyə Monitorinqi Xidmətinin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəisi Aytən Mirzəzadə və Məlumatların təhlili departamentinin direktoru Şahin Əliyev müvafiq təqdimatlarla çıxış ediblər. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.