EN

Dövlət maraqlarının hədəfə alınması ölkənin uğurları ilə bağlıdır...

Image

Dövlət maraqları hər bir vətəndaş üçün hər şeydən öndə gəlir. Birmənalı olaraq hər kəs ilk növbədə dövlət maraqlarını müdafiə etməlidir. Bu, hər kəsin vətəndaşlıq borcudur. Dövlət maraqları müdafiə olunmasa, ölkənin suverənliyi, təhlükəsizliyi təhdid altına düşmüş olar.

Dövlət maraqlarının qorunması və təbliği vacib əhəmiyyət kəsb edir 

İctimai və dövlət maraqlarının müdafiəsi bütöv bir cəmiyyət üçün həyati əhəmiyyət kəsb edir. Müasir cəmiyyətlərdə bu məfhum daha geniş anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir edir. İctimai maraqları tənzimləyən və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər, qeyri-hökumət təşkilatları hüquqi imkanlarla ictimai maraqların müdafiə edilməsini gerçəkləşdirirlər. Dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir. İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşların maariflənməsi ən önəmli şərtlərdəndir. Dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. İctimai maraqlar hərfi mənada cəmiyyəti təşkil edən fərdlərin rifahının ifadə olunduğu, individual mahiyyəti ümumi anlayışa yönləndirən və çoxluğun marağını üstün sayan bir anlayışdır. Bu anlayışın tanınması, təbliği və müdafiəsi hökumət və onun strukturları tərəfindən sığortalanır. Lakin müasir cəmiyyətlərdə bu məfhum daha geniş və çoxşaxəli anlam kəsb etməklə dövlət-vətəndaş münasibətlərinə birbaşa təsir gücünə malikdir. İctimai maraq fərdi maraq anlayışı ilə əlaqələndirilməməlidir. İctimai marağı qəlibə salan və müdafiə edən məhz dövlətdir. Müxtəlif ictimai birliklər və QHT-lər hüquqi vasitələr hesabına ictimai marağın müdafiəsini həyata keçirirlər: ictimai siyasətin təkmilləşdirilməsi və ictimai marağın müxtəlif aspektlərinə dair hüquqi bazanın müzakirəsi; monitorinq və islahat mexanizmlərinin təşviqi. 

Müəyyən qüvvələr ölkəmizi əvvəlkindən daha çox hədəf alırlar

Bütün bəşəri dəyərləri böyük məsuliyyət və ciddi yanaşma ilə qoruyan, təbliğ edən Azərbaycanda da dövlət maraqları, ictimai və milli maraqların təmin olunması prioritetdir. Milli maraq Azərbaycan xalqının fundamental dəyər və məqsədlərini, həmçinin insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur. Nəzərə alsaq ki, müasir Azərbaycan sosiumu intellektual əsaslarda formalaşmış modern bir cəmiyyət kimi xarakterizə olunur, o zaman əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti ictimai maraq və dövlət marağı məfhumlarının mahiyyətini dərk edən, bu mövqeyi ictimai, siyasi münasibətlərdə və dövlətlə əlaqələrində nümayiş etdirməyi bacaran, formalaşmış bir cəmiyyətdir. Müşahidələr göstərir dövlət maraqlarının qorunması əvvəlki dövrlərlə müqayisədə daha da aktual əhəmiyyət kəsb etməyə başlayıb. Ən azından ona görə ki, son illər Azərbaycanın əldə etdiyi uğurları həzm edə bilməyən bəzi dövlətlər, bir sıra dairələr ölkəmizə qarşı daha çox qərəzli mövqedən çıxış edirlər. İşğala son qoyduğu üçün, COP29-a ev sahibliyi etdiyi üçün ölkəmiz bu cür təhdidlərlə, hücumlarla üzləşir. Məsələ ondadır ki, dövlət maraqlarının qorunması baxımından Azərbaycan inanılmaz bir uğura imza atdı. Otuz ilə yaxın işğala son qoyaraq ərazi bütövlüyünü və Qarabağın tamamında suverenliyini bərqərar etdi. Bu, Azərbaycana qarşı olan ölkələrdə, dairələrdə və müəyyən mərkəzlərdə şok effekti yaratdı. Onlar Azərbaycanın qısa bir müddət ərzində belə bir uğur qazanacağını gözləmirdilər. Azərbaycanın Qarabağ zəfəri bir çox məkrli planları pozaraq ölkəmizə qarşı qurulan oyunları tarımar etdi. Məhz bu səbəbdən həmin qüvvələr ölkəmizi əvvəlkindən daha çox hədəf alırlar. İnsan hüquqları, demokratiya çətiri altında Azərbaycanı qaralamağa dünyada gözdən salmağa çalışırlar. Çünki Azərbaycanın sadalanan uğurlarını həzm edə bilmirlər. 

Böyük bir qələbəyə nail olsaq da, əsla arxayınlaşa bilmərik

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən şərqşünas Seyid Camal Əzimbəyli hesab edir ki, bütün bunlar dövlət və milli maraqlarımızı daha əzmlə müdafiə etməyimizi tələb edir: “Çünki biz böyük bir qələbəyə nail olsaq da əsla arxayınlaşa bilmərik. Ona görə ki, dünyada və regionda bir sıra oyunlar gedir. Müəyyən dövlətlər Cənubi Qafqaza daxil olub orada möhkəmlənmək istəyirlər. Bu məqsədlə Ermənistandan bir vasitə, alət kimi istifadə edilir. Halbuki, Cənubi Qafqazın açar dövləti Azərbaycandır. Azərbaycansız Mərkəzi Asiya ilə körpü qurmaq mümkünsüzdür. Bütün bunlara baxmayaraq biz görürük ki, ölkəmizə yönəlik böyük haqsızlıqlar edilir. Dünyanın bir sıra aparıcı media orqanlarında qaralama kampaniyası aparılır. Təbii ki, bütün bunlar dövlət maraqlarımız üçün təhdid yaradır. Hamı bacardığı qədər buna qarşı mübarizə aparmalıdır. Bu məsələdə təkcə dövlətin üzərinə məsuliyyəti qoymaq doğru olmaz. Xaricdə yaşayan azərbaycanlılar, diaspor qurumları sistemli şəkildə çalışmalı, Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdılar. Ona görə ki, beynəlxalq hüququn işləmədiyi, ədalətn gözlənilmədiyi bir dünyada yaşayırıq. Kim güclüdürsə istədiyini edir, əraziləri işğal edir, şəhərləri bonbalayır. Ən azından Azərbaycanın timsalında biz 30 il ədalətsizliyin, beynəlxalq hüququn işləmədiyini yaxşı görmüşük. Uzun illər ərazilərimiz işğal altında qaldı, amma bununla bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin heç bir xeyri olmadı. Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü təmin etdi”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Chosen
19
baki-xeber.com

1Sources