EN

Ölümcül virus daşıyan yüzlərlə şüşə yoxa çıxdı - 57 faiz ölüm nisbətinə malikdir

Avstraliyanın Kvinslend əyalətində bir laboratoriyada ölümcül canlı virusları ehtiva edən yüzlərlə nümunənin itməsi səbəbindən rəsmilər genişmiqyaslı təhqiqat başladıb.

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Kvinslend səhiyyə naziri Tim Nikolsun verdiyi məlumata görə, 2021-ci ildə baş verən ciddi "biotəhlükəsizlik protokolu pozuntusu" nəticəsində, Hendra virusu, Lyssavirus və Hantavirus da daxil olmaqla 323 canlı virus nümunəsi yoxa çıxıb.

Yüksək riskli nümunələr

Hendra virusu olan təxminən 100 şüşə, Hantavirus nümunələri ehtiva edən iki şüşə və 223 Lyssavirus şüşəsi laboratoriya hesabatlarında tox kimi göstərib. İlk dəfə avqust 2023-cü ildə aşkarlanan bu pozuntu, yüksək ölüm riski daşıyan virusların itməsi ilə əlaqədar ciddi narahatlığa səbəb olub.

Hendra virusu ilk dəfə 1990-cı illərdə Avstraliyada aşkar edilib və əsasən atlardan insanlara yoluxur. Bu virusla yoluxanların təxminən 57%-i həyatını itirib. Kvinslenddə qeyd olunan nümunələrin yoxa çıxması, xüsusən atçılıq sənayesi və baytarlıq sektorunda böyük narahatlıq yaradıb.

Kornell Universitetindən professor Reyna Plovrayt bu virusun təsirlərini belə izah edir:

"Hendra virusu yoluxan şəxslər, onların ailələri və bu xəstəliyin yayıldığı bölgələr üçün dağıdıcı təsirlər yaradır. Bunun atçılıq sənayesi və baytarlıq xidmətlərinə də ciddi təsiri var".

Digər təhlükəli viruslar

Gəmiricilərdən keçən Hantavirus təxminən 38% ölüm nisbəti ilə ölümcül Hantavirus Ağciyər Sindromuna (HPS) səbəb ola bilər. Lyssavirus isə quduz xəstəliyinə bənzər simptomlarla müşayiət olunur və yüksək ölüm riski daşıyır.

Təhlükəsizlik tədbirləri və təhqiqat

Rəsmilər bildirir ki, virus nümunələri laboratoriyanın müvafiq prosedurlarına əsasən xüsusi cihazlarda məhv edilmiş ola bilər. Kvinslend səhiyyəsinin baş mütəxəssisi Con Gerard bu məsələ ilə bağlı qeyd edib:

"Son beş ildə Kvinslenddə nə Hendra, nə də Lyssavirus yoluxması qeydə alınmayıb. Avstraliyada Hantavirus infeksiyası isə indiyə qədər insanlara yoluxmayıb".

Səhiyyə Nazirliyi bu pozuntu ilə bağlı təhqiqat başladıb, virusların necə itkin düşdüyünü və bunun iki il ərzində niyə aşkarlanmadığını araşdırmaq məqsədi güdür. Nazir Nikols bildirib:

"Biotəhlükəsizlik protokollarının belə ciddi şəkildə pozulması və infeksion virus nümunələrinin itkin düşməsi böyük narahatlıq doğurur. Təkrarlanmaması üçün tədbirlər görülməlidir".

Nazir əlavə edib ki, laboratoriyanın siyasət və prosedurları diqqətlə nəzərdən keçirilir və personalın yenidən təlimləndirilməsi, materialların düzgün saxlanmasını təmin etmək üçün müvafiq lisenziyaların yoxlanması həyata keçirilir.

Chosen
11
4
paralel.az

5Sources