EN

Xalqın qəlbində yaşayan Dahi Heydər Əliyev

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 21-ci ildönümüdür.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyi tarixində misilsiz xidmətləri olmuş, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rola malik bir şəxsiyyətdir. Məhz Ümummilli Liderin əsasını qoyduğu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilən müdrik, qətiyyətli və uzaqgörən siyasətin nəticəsində Rəşadətli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir.
Sovet hakimiyyətinin süqutundan sonra müstəqilliyini yenidən bərpa edən Azərbaycanda 90-cı illərin əvvəllərində müşahidə edilən ağır dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ömrünün son 10 ilini dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə həsr etmiş, işğalla üzləşən ölkəni parçalanmaq təhlükəsindən və düşdüyü çətinlikdən çıxarmış, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycan davamlı inkişaf yoluna qədəm qoymuş və ölkəmizin beynəlxalq arenada nüfuzu artmışdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Ulu Öndərin milli ideya səviyyəsinə yüksəlmiş azərbaycançılıq məfkurəsi əsasında zəngin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və yeni nəsillərə ötürülməsi, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Heydər Əliyevin zəngin dövlətçilik irsinə əsaslanan inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin Qarabağın erməni işğalından azad edilməsi arzusunu gerçəkləşdirmişdir, istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrilmişdir və bu gün yeni strateji hədəflərə nail olur, milli dövlətçilik tariximizin növbəti şərəfli, qürurlu səhifələrini yazır.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini əbədi minnətdarlıq, sevgi və ehtiramla anırıq.
Allah rəhmət eləsin!
Zaur Şükürov
Milli Məclisin deputatı 
Chosen
11
xalq.az

1Sources