Bakıda kirayə avtomobillərə tələbat əvvəlki illərlə müqayisədə artıb. Kirayə avtomobil xidməti göstərən şirkətlərin sayının çoxalması bunu deməyə əsas verir. Əvvəllər bu maşınları daha çox turistlər icarələyirdisə, hazırda sürmək həvəsində olan gənclər və toy kimi mərasimlər keçirən vətəndaşlar da buna üstünlük verirlər.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, xarici turistlər əsasən ölkəmizdə fəaliyyət göstərən beynəlxalq avtomobil kirayəsi şirkətləri ilə əməkdaşlıq edirlər:
“Ölkəmizdə avtomobil kirayə götürən insanlar, əsasən, xarici turistlərdir. Azərbaycana səfər edən və bir neçə gün ərzində müxtəlif bölgələrə səyahət edən insanlar üçün avtomobil kirayələmək iqtisadi cəhətdən daha sərfəlidir.
Əcnəbilər əsasən, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq avtomobil kirayəsi şirkətləri ilə işləyirlər. Adətən, həmin şəxslər ölkəmizə gəlməzdən öncə elektron qaydada, internet vasitəsi ilə həmin nəqliyyat vasitələrini bron, hətta müəyyən məbləğdə ödəniş də edirlər. Daha sonra gəlib hava limanından və yaxud digər ərazidən avtomobili götürürlər”.
Ekspert qeyd edib ki, avtomobil kirayələyən müştərilər bir çox nüanslara xüsusi diqqət yetirməlidirlər:
“İlk növbədə, avtomobili kirayə götürərkən, müqavilənin şərtlərinə diqqət etmək lazımdır. Daha sonra sığorta məsələsi və avtomobilin texniki vəziyyətini öyrənilməlidir. Çalışmaq lazımdır ki, ili təzə olan avtomobilə üstünlük verilsin.
Məlumdur ki, köhnə avtomobillər şəhər ətrafında müəyyən problemlər yarada bilər və yolda qoyar. Xüsusən, sığorta məsələsində diqqətli olmaq lazımdır. “Rent A Car”la müştəri arasında olan problem əsasən, qəzalar zamanı baş verir. Müştəri şərtlərə diqqət yetirməyəndə və qəzaya qarşı depozit yatırmayanda, müştərinin avtomobili özünün təmir etdirməsi məsələsi ortaya çıxır.
Bir də müştəri avtomobili kirayə götürüb, daha sonra qaytardığı zaman məlum olur ki, maşını istismar etdiyi zaman müəyyən problemlər yaranıb və o bu barədə şirkətə məlumat verməyib. Belə olduqda da qarşılıqlı problemlər meydana gələ bilir”.