EN

"Vətəndaş A"nın müəmmalı sonu: "Bu haqda danışmaq istəmirəm" - Rejissor

“Vətəndaş A” serialının rejissoru Elvin Rüstəmzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elvin bəy, “Vətəndaş A” ötən həftə 12-ci bölümlə sona çatdı. Hamını indi bir sual maraqlandırır, davamı gələcəkmi?

- Xeyr.

- Belə konkret?

- Açığı, ikinci sezon barədə düşünməmişik.

- Bəzən elə olur ki, bir iş çox seviləndə onun davamına zərurət yaranır...

- “Vətəndaş A”nın ikinci sezonu olsa belə böyük ehtimal ki, ssenaristi Asiman (“Vətəndaş A”nın ssenaristi Asiman Ağa Rövşən – red), rejissoru da mən olmayacam. Çünki ikinci sezona münasibətimiz birmənalı deyil. Bir sezonda hər şeyi deyə bildiksə? ikinciyə nə gərək var? Amma “SFN Film”şirkəti (“Vətəndaş A”nın istehsalı şirkəti – red) davamını çəkmək istəsə, buna heç nə deyə bilmərik.

- Sizin seriala məxsus dronun Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən vurulması barədə açıqlama ajiotaj yaratmışdı. Hərçənd prodüser Sevinc Əliyeva bunu təkzib etdi. Bununla belə, serialın qısa ömürlü olmasını dronun vurulması ilə əlaqələndirənlər də az olmadı.

- Əvvəldən serial 12 seriya planlanmışdı, hamısı da çəkildi. Nə dron, nə DSX məsələsinin bura heç bir aidiyyəti yoxdur. İctimai kanalda serialların yayım formatı ya 8, ya 10, ya 12 seriya olmalıdır. Bizdə 12 seriallıq sistem idi.

Çəkilişlər ötən ilin avqustunda başlamışdı. Serialda təhsillə bağlı xeyli məqamlar olduğuna görə onun məktəb sezonunda, yəni sentyabrda efirə verilməsi daha məqsədəuyğun idi. Düşünürəm ki, bu söyləntilər seriala olan sevgidən qaynaqlanır.

- Heç senzura ilə qarşılaşdınızmı?

- Qətiyyən. İctimai kanalla çalışmaq çox rahatdır. Çox anlayışlı, sənətə dəyər verən şəxslərdir. Onlarla söhbət edib, hər şeyi həll etmək mümkündür.

- “Vətəndaş A”nın nümayişindən sonrakı təəssüratlarınız mənə maraqlıdır. Gözləntiniz nələr idi, nəticə nə oldu?

- Açığı ssenarinin oxunuş mərhələsində inanırdım ki, bu, kütlə tərəfindən izlənən bir iş olacaq. Sosial dram janrındadır, baş verən hadisələr ya bizim, ya qonşumuzun, ya qohumuzun həyatında eşitdiyimiz, gördüyümüz məqamlardır deyə insanlara çox yaxın, inandırıcı, təbii gəlir. Ona görə də tamaşaçılar “Vətəndaş A”nı sevdilər.

- Bölgələrdə də çox sevildi və bildiyim qədər, yaradıcı heyətlə görüşlər də təşkil olundu. Bu görüşlərdə siz iştirak edə bilmisinizmi?

- Biləsuvarda görüş keçirildi, əsas rolları oynayan aktyor və aktrisalar, serialın prodüseri Sevinc xanım həmin görüşə qatıldılar. Təəssüf ki, Asimanla mən gedə bilmədik. Birinci və ikinci seriya birləşdirilərək nümayiş olunub, yaxşı da qarşılanıb.

Belə görüşlərlə bağlı həm mənə, həm də prodüserə çox təkliflər gəlir. İnsanların serialı bəyənmələri və görüşə dəvət etmələri çox xoşdur, amma aktyorların çoxu teatrda çalışırlar, məşqləri olur, bəzilərinin isə hətta dərsi də var. O baxımdan toplaşmaq çətin olur.

- Sırada yeni filminiz “Otel Loo” var. İndi hansı mərhələdədir?

- “Vətəndaş A”nın çəkilişləri bitəndən sonra bu filmi çəkməyi düşünürdük. Qismət bu ərəfələrə imiş. Çəkilişləri bitirmişik, hazırda montaj mərhələsindədir. Rejissoru mən, ssenari müəllifi Asiman Ağa Rövşəndir. Komediya janrındadır, əsas rollarda Azər Aydəmir, Oksana Rəsulova, Günəş Mehdizadə, Asiman Ağa Rövşən çəkiliblər.

- Tamaşaçıları necə bir komediya gözləyir?

- Vəziyyət komediyasıdır. Maraqlıdır, hadisələr bir oteldə baş verir. Düşünürəm ki, gülməlidir.

- Təqdimatı nə zaman olacaq?

- Gələn ilin fevral ayında. Filmin prodüserləri İslam Ağayev və Nurlan Qarayevdir. “Otel Loo”nun çox böyük büdcəsi yoxdur. Amma istənilən halda filmdir və büdcə tələb edir. Prodüserlərə təşəkkür edirəm ki, bizə inandılar və bu işə qol qoydular.

- Məlumdur ki, kommersiya filmlərinin kinoteatrlarda nümayiş dönəmi başlayandan bəri daha çox komediya ağırlıqlı filmlər çəkildi. Və bu gün də ən çox izlənənlər onlardır. Bu siyahıya dram janrlı bir-iki filmi, məsələn, “Zəhər tuluğu”nu da əlavə edə bilərik. Yeri gəlmişkən, sizin ilk filminiz “Dalan” da dram janrındadır, onun kinoteatrda nümayişi sizi qane etdimi? Və komediya janrlı “Otel Loo”ya hansı ümidlər bəsləyirsiniz?

- “Dalan”dan bu yana xeyli zaman keçib, çox şeylər dəyişib. “Dalan” çəkiləndə Azərbaycanda filmlər kinoteatrda yeni-yeni nümayiş olunmağa başlamışdı, üstəlik, hamısı komediya janrında idi. “Dalan” filmi kinoteatrda elə də gəlir gətirmədi və nəzərə almaq lazımdır ki, onun piarına bir qəpik də xərclənməmişdi.

İndiki dövrdə piar önəmli məsələdir. Amma həmkarlarımın filmlərindən deyə bilərəm ki... Məsələn, bu yaxınlarda kinoteatrda “Tağıyev” filminə baxdım və çox bəyəndim. Açığı, bir az “önyarğı” ilə getmişdim, amma baxdıqca xeyli marağıma səbəb oldu.

Orda yaxşı rejissor, yaxşı rəssam işi, yaxşı aktyor oyunu gördüm, bir sözlə, hər şey yaxşıydı. Düşünürəm ki, “Tağıyev” filmi Azərbaycan kinosu üçün yeni mərhələdir. Həmkarlarımı alqışlayıram.

- Filmə təqdimatda baxmısınız, yoxsa?..

- Mən adətən bilet alıb filmə baxıram. Ki, bir az xeyir verə bilim. Mən də bir tamaşaçıyam. Zalda xeyli adam var idi, maraqla izlənilirdi.

- Müsahibələrinizdən birində bir fikriniz diqqətimi çəkdi. Deyirsiniz ki, Azərbaycan kino sektorunda təcrübə qazanmaq baxımdan geniş imkanlar var. Bunu bir az açmağınızı istəyirəm.

- Yarı zarafat demişdim... Deməkdə məqsədim bu idi ki, adətən bizdə büdcə böyük olmur: ortada bir ssenari var, onu çəkmək lazımdır. Zaman da məhduddur. Çox düşünməyə imkan tapmırsan və beyin daha sürətlə işləməyə özünü məcbur edir. O baxımdan demişdim ki, pulsuzluq və zamansızlıq bəzən öz potensialını kəşf etmək üçün geniş imkanlar yaradır.

Amma qətiyyən bu duruma yaxşı baxmıram. Mütləq büdcə çox olmalıdır. Büdcə = zaman... Zamanın da çox olanda ağıllı nəticə, işinin peşəkarısansa, keyfiyyət və uğur qaçılmazdı.

- “Vətəndaş A”da maliyyə baxımından çətinliyiniz olmadı ki?

- Əslində oldu. “Vətəndaş A”nın büdcəsi çox deyildi. Hətta müəyyən çəkiliş günlərindən sonra o büdcə də tükəndi. Sevinc xanıma minnətdaram ki, pul əldə edib büdcəyə qatdı və biz serialı keyfiyyətlə bitirdik...

- Niyə çəkilişlər üçün məhz Daşkəsənin Bayan kəndini seçmişdiz?

- Məkanı çox axtarmışdıq. Sözarası dedilər ki, Bayan kəndi də var. Xoşbulağa gedib gələrkən oradan çox keçmişəm. Gecəylə maşına minib getdim, sözün həqiqi mənasında Bayana vuruldum. Prodüserə zəng elədim və onunla da məsləhətləşdim. Çünki maddi baxımdan bunu etmək çətin idi. O da sağ olsun, dedi ki, əgər sən bəyənmisənsə, əlimdən gələni edərəm ki, maddi baxımdan öhdəsindən gəlim. Və beləcə... Xüsusi vurğulayım ki, məkan çox önəmlidir. O da bir obrazdır. Necə ki, aktyorların cizgilərini, saçını, danışığını tamaşaçı yadda saxlayır, həmin məkan da eyni cür yadda qalır.

- Məncə, Bayan da öz rolunun öhdəsindən yaxşı gəldi.

- Elədi.

- Yerli ssenari müsabiqələrində iştirak etmirsiniz, sanki özünüzə veto qoymusunuz. Səbəbi nədir?

- Veto qoymamışam. Sadəcə heç vaxt Mədəniyyət Nazirliyinə hansısa bir layihə təqdim etməyi düşünməmişəm. Amma gələcəkdə ola bilər. Yeni tenderdən keçən filmləri gözləyirəm. Prosesin sonu necə olacaq, görmək istəyirəm. Filmlər çəkilsin, baxaq... Rejissor həmkarlarımla da söhbət edirəm, əgər işlər qaydasında olsa, ola bilər ki, fikrimi dəyişim.

- İşinə əmin olduğunuz insanlarla yola davam etmək daha rahatdır, deyilmi?

- Rahatdır amma deyim ki, çalışdığım layihələrdə adətən komanda çox vaxt dəyişir. Eksperimentləri sevirəm. Yeni adamlarla işləmək marağındayam. Ona görə də üç-beş nəfər eyni adamlar qalır, heyətin digər hissəsində yeni insanlarla çalışmağı sevirəm.

- Amma bilmədik o dronu DSX vurub, yoxsa yox...

- Bu haqda danışmaq istəmirəm...


Müəllif: Nərmin Muradova
Chosen
90
teleqraf.com

1Sources