EN

Başınıza baxın, görün çürüyürmü?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qan Turalı yazır...
Hər il Oksford Lüğəti ilin sözünü seçir. Nəşriyyatın təqdim etdiyi altı sözdən ibarət siyahı ictimaiyyətə təqdim olunur və ictimaiyyət arasında keçirilən səsvermə əsasında ilin sözü müəyyən olunur. Builki sorğu 37 mindən çox adam arasında keçirilib və sorğunun qalibi isə "Brain rot" (Beyin çürüməsi) oldu.
"Brain rot" fərdlərin zehni vəziyyətinin pozulmasını ifadə edir. Bu pozulmanın da səbəbi əhəmiyyətsiz, ya da çox az əhəmiyyətli olan onlayn kontentlərin ifrat istehlakıdır. Əslində isə bu sözə ilk dəfə görkəmli filosof Henri David Toronun "Walden" adlı kitabında rast gəlmişdik. 1854-cü ildə yazılan bu kitabda Toro cəmiyyətlərin mürəkkəb və dərin fikirlərə əhəmiyyət vermədiyini vurğulayır, bunun nəticəsində beyin çürüməsinin baş verdiyini bildirir və belə bir sualla oxucuya müraciət edirdi: "İngiltərə kartofların çürüməsini müalicə etməyə cəhd göstərir, bəs beyin çürüməsinin qabağını kim alacaq?"
Toronun bir çox fikirləri kimi bu fikir də öz aktuallığını qoruyur. Doğrudur, ötüb keçən 170 il ərzində istər İngiltərə, istərsə də digər ölkələr böyük inkişaf yolu keçiblər. Təhsilə böyük pullar ayrılıb, universitetlər, məktəblər açılıb, nəhəng elmi-tədqiqat institutları qurulub. Dünya əhalisinin böyük bir hissəsi savadlanıb, yazıb-oxumaq öyrənib. Nadanlıq və cəhalət üzərində mühüm qələbələr qazanılıb, səhiyyə sistemi inkişaf edib. Bütün bu qazanılan nailiyyətləri uzatmaq, sabaha qədər yazmaq mümkündür. Ancaq biz yazının ilk cümləsində faktın üzərinə qayıtmalıyıq. Söhbət "Brain rot" sözündən gedir. Niyə bu söz ilin sözü oldu? Bəşəriyyətin Marsda koloniyalar qurmağı müzakirə etdiyi bir zamanda bu söz maarifçi xurafatı deyilmi?
- Əslində deyil. Bu sözün seçilməsini maarifçi xurafatının təzahürü, başqa sözlə desək giley və şikayət kontekstində izah etmək düzgün olmazdı. Çünki doğrudan da bəşəriyyətdə bir beyin çürüməsi gedir. Xüsusilə, "TikTok" şəbəkəsi insanları saatlarla özündən asılı vəziyyətə sala bilir. Özünüz diqqət edin, "Facebook" ya da "Instagram"da bu qədər zaman itiririkmi? Adi bir müşahidə ilə bunu müəyyən etmək mümkündür. Ancaq biz yenə rəqəmlərə baxaq. İnsanlar "TikTok"da ayda ortalama olaraq 34 saat vaxt keçirirlər. "YouTube" ikinci sırada gəlir, 29 saat. "Facebook"da bu göstərici 18, "Instagram" və "WhatsApp"da 17 saatdır. Bu siyahıda "YouTube"dakı yüksək rəqəmləri başa düşmək mümkündür. Çünki bu şəbəkədə insanlar filmlər, seriallar izləyir, verilişlərə, futbol oyunlarına baxırlar. "TikTok"da aylıq 34 saatı isə izah etmək asan deyil.
Kiçik bir hesablamanı özünüz aparın. Bu 34 saat nə qədər video edir? Bir videonu 30 saniyədən hesablasaq 136 video. Bir gündə 136 video izləmək insanda beyin çürüməsi yarada bilərmi? Əlbəttə ki, yarada bilər. Fikir verin, ən çox saxta və yalan xəbər "TikTok"da yayılır. Çünki oradakı insanlarda digər sosial şəbəkələrə görə beynin tormozlanması daha çox baş verir. Bu videolara aludə olan, beynini dincə qoyan insanlar hər cür yalana, saxta xəbərə, dezinformasiyaya asanlıqla inanırlar.
"TikTok"a bu cür aludəçiliyin bir səbəbi də var. Sözügedən platformanın alqoritmi bizdən daha çox şəxsi məlumat toplayır, bu şəxsi məlumatları bizi sosial şəbəkədə saxlamaq üçün məsuliyyətsizcəsinə istifadə edir. Bir növ, bizim zəifliklərimizindən sui-istifadə halı yaradır.
Eliot deyirdi ki, boş vaxt mədəniyyətin mənbəyidir. Biz boş vaxtlarımızda düşünürük, ətraf aləmi dərk edirik, hadisələrə qiymət veririk. Ancaq sosial şəbəkələr bizim bütün boş zamanımızı əlimizdən alırlar. İnsanlar getdikcə robotlaşır, mexanikləşir, avtomatlaşır. İnsanlar bir-birindən uzaqlaşır, real həyatdan qaçıb sosial şəbəkələrin aləminə düşürlər. Beyin də getdikcə uyuşur, fəaliyyətdən düşür, kəskinliyini itirir və çürümə prosesi başlayır.
Beyin çürüməsi gerçəkliyimizdir, ancaq əsla aqibətimiz, taleyimiz deyil...
Chosen
56
oxu.az

1Sources