EN

Daha aktiv həyat tərzi ölüm riskini AZALDIR

Yazını böyüt
Yazını kiçilt

Araşdırmalara görə, 40 yaşdan yuxarı insanlar gündəlik fiziki fəaliyyət səviyyələrini artıraraq ömürlərini uzada bilərlər.

Hafta.az xəbər verir ki, “British Journal of Sports Medicine” jurnalında dərc edilən araşdırmaya görə, ən az fiziki aktiv şəxslər üçün gündəlik gəzinti kimi sadə fəaliyyətlər belə ömür müddətinə müsbət təsir edə bilər.

Araşdırmada, ABŞ əhalisinin milli sağlamlıq və siyahıyaalma məlumatları, 2017-ci il ölüm statistikası, həmçinin 2003-2006-cı illər Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusundan alınan fiziki fəaliyyət göstəriciləri təhlil edilib. Araşdırmanın nəticələrinə əsasən əhalinin ən fiziki cəhətdən aktiv 25 faizi gündəlik orta hesabla saatda təxminən 3 mil sürətlə 160 dəqiqə gəzərək bu səviyyəni qoruyur. Fiziki baxımdan ən az aktiv 25 faiz üçün bu səviyyəyə çatmaq ömürlərini əlavə olaraq 11 ilə qədər artıra bilər. Hər saat gəzinti onların ömrünü təxminən 6 saat uzatma potensialına malikdir.

Kaliforniyada yerləşən “Providence Saint John” Sağlamlıq Mərkəzinin Sakit Okean Neyrologiya İnstitutunda proqram direktoru Rayan Qlat bildirir ki, fiziki fəaliyyətdə hətta kiçik artımlar belə, yoluxucu olmayan xəstəliklər və erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə az aktiv insanlar üçün bu faydalar daha nəzərəçarpandır.

Yel Unversitetinin Tibb Fakültəsinin idman tibbi həkimi Kristofer Şneble araşdırmanın nəticələrini şərh edərək bildirib:

“Bu araşdırma fiziki fəaliyyətin ölüm riskini azaltdığını təsdiqləyir və oturaq həyat tərzindən daha aktiv yaşam tərzinə keçidin sağlamlığa müsbət təsirini əlavə sübutlarla ortaya qoyur”.

Tədqiqat müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsi müəyyən edilmir. Lakin gündəlik fiziki fəaliyyətin psixi və fiziki sağlamlığa təsiri artıq yaxşı məlumdur. Hərəkətsizlik isə bir çox sağlamlıq probleminin, o cümlədən vaxtından əvvəl ölümün əsas səbəbi hesab edilir. Bu tapıntılar fiziki aktivliyin sağlamlıq və uzunömürlülük üçün əhəmiyyətini bir daha ortaya qoyur. Mütəxəssislər daha aktiv həyat tərzinin seçilməsinin sadə və təsirli sağlamlıq strategiyası olduğunu qeyd edirlər.

Chosen
13
hafta.az

1Sources