EN

Azərbaycan beynəlxalq proqramlaşdırma müsabiqəsində 25 komanda ilə təmsil olunur

Bakı, 13 dekabr, AZƏRTAC

“49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsinə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 25 komanda vəsiqə qazanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, ilk dəfə Qarabağ Universitetinin tələbələri də komandalar arasında yer alaraq ölkəmizi beynəlxalq proqramlaşdırma müsabiqəsində təmsil edir.

Ümumilikdə 85 nəfərdən ibarət komandalar dekabrın 15-dək Gürcüstanda keçirilən yarımfinalda yarışacaqlar.

Xatırladaq ki, “49-cu ICPC - Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 mərhələsi (XX Azərbaycan Birinciliyi) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Bakı Mühəndislik Universiteti və ADA Universitetinin təşkilatçılığı, eləcə də Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 2024-cü il oktyabrın 27-də Bakı Mühəndislik Universitetində baş tutub.

Müsabiqədə Azərbaycanın 22 ali təhsil müəssisəsindən hər komanda üzrə 3 tələbə və komanda rəhbərindən ibarət 53 komanda iştirak edib. Müsabiqənin nəticələrinə görə, yüksək nəticə göstərmiş komandalar “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında (komanda və fərdi) iştirak etmək hüququ əldə ediblər.

Qeyd edək ki, dekabrın 6-da yarımfinala vəsiqə qazanan iştirakçılarla görüş keçirilib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müşavirləri Vüsal Əzizov və Fuad Hacıyev, müsabiqənin Azərbaycan üzrə regional direktoru Etibar Seyidzadə çıxış ediblər. Onlar tələbələri bu uğur münasibətilə təbrik edərək yarımfinal mərhələsində müvəffəqiyyətlər arzulayıblar. Görüş zamanı “ICPC Azerbaijan”ın fəaliyyəti ilə bağlı təqdimat da keçirilib.

Chosen
20
azertag.az

1Sources