EN

DİQQƏT! - Kökəlməyinizin gizli səbəbi bu ola bilər

Psixoloji aclıq bədənimizin deyil, emosional ehtiyaclarımızın təmin edilməsi üçün yemək istəyidir. Bu, bədənin enerji tələb etmədiyi hallarda − stress, narahatlıq, kədər hətta sevinc kimi duyğuların təsiri ilə yaranır. 

Psixoloji aclıq bəzən qida seçimlərimizə də təsir edir, bizi daha kalorili və şirin qidalara yönəldir ki, bu da kökəlməyə səbəb ola bilər.

PSİXOLOJİ ACLIQLA FİZİKİ ACLIĞIN FƏRQİ: 

Psixoloji aclıqla fiziki aclığı bir-birindən ayırmaq üçün bəzi əlamətlər var. 

Psixoloji aclıq ani başlayır, xüsusi bir yemək növü (şirniyyat, yağlı qidalar) istəyirsiniz və doymaq hissi yaranmır.

Fiziki aclıq isə tədricən başlayır, müxtəlif qidaları yeyə bilərsiniz və doyduğunuzu hiss edirsiniz.

Psixoloji aclıq nəticəsində həddindən artıq yemək, xüsusilə yüksək kalorili qidalar istehlak etmək ciddi çəki artımına səbəb olur. Bunun səbəbi qida ehtiyacını həddindən artıq və nəzarətsiz şəkildə təmin etməkdir. Çox vaxt psixoloji aclıq zamanı  yeməkdən sonra peşmanlıq və günahkarlıq hissi yaranır ki, bu, problemi daha da ciddiləşdirir.

PSİXOLOJİ ACLIQDAN NECƏ QURTULMAQ OLAR? 

Duyğularınızı tanıyın:

Yemək istəyi yarananda özünüzdən soruşun: Bədənim həqiqətən acdır, yoxsa hansısa hissi susdurmağa çalışıram? Öz emosional vəziyyətinizi anlamaq və qəbul etmək problemi həll etməyin ilk addımıdır.

Stressi azaldın:

Stress psixoloji yeməyin əsas səbəblərindən biridir. Meditasiya, nəfəs alma texnikaları, idman və ya müxtəlif hobbilərlə məşğul olmaq stresslə mübarizədə faydalıdır.

Alternativlər tapın:

Emosional ehtiyaclarınızı qida ilə deyil, fərqli üsullarla təmin edin. Məsələn, gəzintiyə çıxın, dostunuzla söhbət edin, kitab oxuyun və ya sevdiyiniz musiqiləri dinləyin.

Sağlam qidalanma vərdişləri formalaşdırın:

Yemək planınızı əvvəlcədən hazırlamaq və daha çox tərəvəz, meyvə, proteinlə zəngin qidalar qəbul etmək emosional aclığın qarşısını ala bilər.

Vəziyyət çox ciddidirsə, peşəkar dəstək alın:

Duyğusal aclıq ciddi hala gəlibsə və həyat keyfiyyətinizi aşağı salırsa, psixoloq və ya dietoloqdan dəstək almaq müsbət nəticə verə bilər.

Qeyd edək ki, psixoloji aclıq kökəlməyinizin gizli səbəblərindən biri ola bilər. Bunu anlamaq və idarə etmək üçün emosional vəziyyətinizə diqqət yetirmək vacibdir. Sağlam vərdişlər qazanmaq və alternativ üsullar axtarmaq bu problemi aradan qaldırmağa və sağlam həyat tərzinə nail olmağa kömək edəcək.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
31
yenisabah.az

1Sources