EN

Hindistan və İran Ermənistanı dəstəkləməklə regiondakı reallıqları əngəlləməyə çalışırlar -Politoloq

Yeni Dehlidə Ermənistan-Hindistan-İran üçtərəfli formatında 2-ci məsləhətləşmələr baş tutub.
Bu barədə Ermənistan XİN məlumat yayıb.
Məsləhətləşmələr zamanı XİN nümayəndə heyətləri “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayaraq, bu kontekstdə Çabahar limanının rolunu qeyd ediblər.
Qeyd edək ki, avqust ayında Ermənistan mənbələri 3 ölkənin nəqliyyat sektorunun nümayəndələrinin sentyabrda böyük görüşünün olacağına dair məlumat yaymışdılar. Məlumatda qeyd olunurdu ki, görüş iştirakçıları İranın Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin limandan yüklərin daşınması marşrutunun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər. 

Politoloq Oqtay Qasımov "Sherg.az"a deyib ki,  üçtərəfli görüşdə bu dövlətlərin uzun müddətdən bəri planladığı və heç cür həyata keçirə bilmədiyi dəhliz müzakirə olunub:

"Bu müzakirələrin mərkəzində Hindistanın Çabahar limanı vasitəsilə İrandan keçməklə Ermənistan və Gürcüstan üzərindən Qara dəniz və Avropaya çıxış nəqliyyat dəhlizi yaratmaq ideyası durur. Amma nəzərə alsaq ki, ideyanın irəliyə sürülmə müddəti 20 ildən çoxdur. Bu müddət ərzində dəhlizin açılması istiqamətində konkret hansısa addımlar atılmayıb. Eyni zamanda bu dəhliz heç də əlverişli sayılmır. Xüsusilə də Ermənistan ərazisindən keçəcək kommunikasiya xətləri sərt və mürəkkəb dağlıq relyefi olan ərazilərdən keçməlidir. Burada çoxsaylı tunellər inşa olunmalıdır. Həmin ərazilər dağlıq olduğuna görə məhz burda iqlim şərtləri və hava şəraiti də önəmli rol oynayır. Ona görə də nəqliyyat dəhlizlərinin effektivliyini kifayət qədər aşağı salır. Digər tərəfdən keçən ilin sentyabrında ABŞ Hindistanı Avropaya bağlayacaq və İranı kənarda saxlayan alternativ dəhliz layihəsi təklif edib. Həmin dəhliz layihəsi Hindistan, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail üzərindən keçməklə Avropaya bağlanacaq xətdir. Bu da əslində daha perspektivli və rahat başa gələn dəhliz hesab edilir".

Politoloqun sözlərinə görə, Ermənistan, Hindistan və İran arasındakı "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaxın dövrlərdə gerçəkləşməsi real olmayacaq:
"Sadəcə olaraq bu üçtərəfin görüşü siyasi xarakter daşıyır. Daha çox Cənubi Qafqazda proseslərlə maraqdan irəli gəlir. Hindistan və İran Ermənistanı dəstəkləməklə bölgədə Azərbaycanın yaratdığı reallıqları əngəlləməyə çalışırlar. Eyni zamanda Azərbaycanın yaxın müttəfiqləri olan Pakistan və Türkiyənin güclənməsinin qarşısını almaq istəyirlər".
Chosen
36
sherg.az

1Sources