EN

Müəllimlərin attestasiya narazılığı: "Nə hüquqi, nə də məntiqi əsası var" - Açıqlama


Bir neçə həftə öncə Muzey Mərkəzində keçirilən brifinqdə Mədəniyyət Nazirinin Müşaviri Cəsarət Valehov fevral ayının 3-dən başlayaraq musiqi müəllimlərinin attestasiyadan keçiriləcəyi barədə məlumat verib.

Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin attestasiyası keçiriləcək. Nazirlikdən verilən məlumata görə, attestasiyada məqsəd müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılmasıdır. Qiymətləndirmənin ümumilikdə ölkə üzrə 2025–2026-cı illər ərzində keçirilməsi planlaşdırılır. İlk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları, daha sonra digər ixtisaslar üzrə attestasiya aparılacaq.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sumqayıtda yaşayn bir qrup müəllim attestasiya ilə bağlı bəzi məqamlara etiraz ediblər. Onlar bildiriblər ki, bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunur. Amma onlara çox az vaxt verilib:

"Qısa müddət ərzində biz o qədər əsərləri necə öyrənib çatdıracağıq? Digər fənn müəllimlərini sertifikasiyadan keçirəndə imtahanın vaxtı və proqram əvvəldən elan olunur. Bizsə çıxılmaz vəziyyətdəyik. Qəfil açıqlama verdilər ki, musiqi müəllimlərini attestasiyadan keçirəcəklər".

Müəllimlər qeyd ediblər ki, attestasiya xəbəri yayılandan, bir müəllim insult keçirib, hazırda o, xəstəxanadadır:

"Musiqi müəllimləri 12 dərs saatına görə 450 manat maaş alır. Bu məbləğə işləməyə razıyıq. İndi də bizə deyirlər ki, imtahan olacaq, imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcək. Müəllimlərimizdən biri bu xəbəri eşidəndən sonra insult keçirib, hazırda xəstəxanadadır. Heç digər müəllimlərin sertifikasiyasında belə sərt qaydalar yoxdur. Onlara bir il şans verilir. Bizi imtahan edəcəklər, amma bilmirik, imtahana hansı əsərlər salınacaq".

Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova müəllimlərin narazılığına münasibət bildirib. O deyib ki, attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq, bu barədə işçilərə məlumat verilir.

Bəs, müəllimlərin 1 ay ərzində attestasiyaya hazırlaşması mümkündürmü?

Təhsil eksperti Elşən Qafarov məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında attestasiyanın keçirilməsinin qanunvericiliyə uyğun olduğunu bildirib:

“Attestasiyanın keçirilməsi ilə bağlı əmr attestasiyanın keçirilməsindən azı 1 ay əvvəl elan olunur. Mədəniyyət Nazirliyi qanunvericiliyə uyğun olaraq bunu vaxtında elan edib. Müəllimlər və imtahana hazırlaşma məsələsinə gəlincə, görünən odur ki, onların peşəsi və attestasiya haqqında anlayışları yoxdur. Attestasiya nə imtahan, nə işə qəbul müsabiqəsi, nə də hər hansı bir müsabiqədir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin birinci hissəsində göstərilib ki, attestasiyanın məqsədi işçilərin peşəkarlıq səviyyəsinin və tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsidir. Attestasiya, müəssisə rəhbərinin əmri ilə, yerli həmkarlar təşkilatının nümayəndəsinin iştirakı ilə yaradılan attestasiya komissiyası tərəfindən həyata keçirilir. Bu proses mərkəzləşdirilmiş şəkildə keçirilə bilməz, çünki bu, qeyri-qanunidir.”



Ekapert qeyd edib ki, attestasiya və sertifikasiya prosesi müəllimlərin peşəkarlıq səviyyəsini, yəni onların hazırkı vəziyyətini yoxlayan bir prosedurdur:

“Bu baxımdan "biz imtahana hazırlaşmamışıq" və ya "bizə xəbər edilmədi" kimi fikirlərin nə hüquqi, nə də məntiqi əsası var. Burada hər hansı imtahan deyil, qanunla müəyyən edilmiş bir prosedur icra edilir"

Ekspert əlavə edib ki, Nazirlər Kabinetinin 2010-cu ildə qəbul olunan 38 saylı qərarında göstərilib ki, attestasiya komissiyası iki qərardan birini qəbul edir:

"Bu qərar ya “Tutduğu vəzifəyə uyğundur”, ya da “Tutduğu vəzifəyə uyğun deyil” olur. Əgər komissiya “tutduğu vəzifəyə uyğun deyil” qərarını qəbul etsə, işəgötürən həmin şəxslə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən, yəni müvafiq səlahiyyətli orqanın qəbul etdiyi qərara uyğun olaraq, 30 gün ərzində xitam verməlidir".


Lalə Novruz, BakuPost
Chosen
10
1
bakupost.az

2Sources