EN

“O son nəfəsinə qədər gözləyirdi...”- Xalq artisti

“Bu günün məmuru nə istəyir? Onun arzusu nədir? Yaşayış tərzi necədir? “Əliqulu bu gün evlənir” tamaşasında bütün bunlar əksini tapır. Sabit Rəhmanın vaxtilə qələmə aldığı “Əliqulu evlənir” əsərinin çox gözəl süjeti var, mən sadəcə onu bu günlə səsləşdirərək təqdim edəcəm. Əliqulu dünən var idi, bu gün də var, mənə elə gəlir ki, sabah da olacaq”.

Bunu Teleqraf.com-a açıqlamasında Xalq artisti, “Əliqulu bu gün evlənir”in libretto müəllifi, quruluşçu rejissoru İlham Namiq Kamal deyib.

Onun sözlərinə görə, librettonu 2012-ci ildə yazıb:

“Məni libretto yazmağa Sabit Rəhmənin gözəl qələmi məcbur etdi. Mahnıların mətnini dostum Baba Vəziroğluna həvalə etdim. Librettonu iki bəstəkara təqdim etmişdik, amma səmimi deyim ki, onların gücü çatmadı. Oqtay Rəcəbov bu işi öz boynuna götürdü və yüksək səviyyədə də təqdim etdi.

Çox təəssüf edirəm ki, artıq Oqtay Rəcəbov həyatda yoxdur. O bu tamaşanı çox gözləyirdi. Bu yaxınlarda qızı Almaz xanımla danışdım. Dedi, atam son nəfəsinə qədər deyirdi ki, kaş bu tamaşanı görə biləydim... Qismət... Çox istedadlı bəstəkarımız idi. İllər keçsə də onun yazdığı musiqilər yenə dinləniləcək, seviləcək. Mən bu tamaşanı həm də ona ithaf edirəm”.

“Tamaşanın 12 il ərzində hazırlanmamasının səbəbi nə idi?” sualına Xalq artisti belə cavab verib: “Əsas səbəb maliyyə idi. O həll olunandan sonra tamaşanı hazırladıq”.

"Əliqulu bu gün evlənir" dekabrın 19-da Musiqi Teatrda nümayiş olunacaq.

Tamaşada Xalq artisti İlham Namiq Kamalla yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova, həmçinin xor və balet artistləri iştirak edirlər.


Müəllif: Nərmin
Chosen
19
teleqraf.com

1Sources