EN

Broyler fabrikləri ölkədə virus yayır?– Vətəndaşlar xaricdən heyvanlar üçün gətirilən dərmanlardan narazıdır - FOTO

Son aylarda ölkə ərazisində ev təsərrüfatı ilə bağlı şikayət edənlərin sayı artmaqdadır. Yaxın vaxtlarda bir çox media subyektlərində bölgələrdə ev quşları arasında kütləvi ölüm halları müşahidə edilməsi ilə bağlı məlumat da dərc olundu.

Avtosfer.az xəbər verir ki, problem təkcə bölgələrdə deyil, həm də Bakıda özünü göstərib.

Belə ki, paytaxtın Səbail rayonunda ev quşlarının kütləvi qırılması ilə bağlı redaksiyamıza şikayətlər daxil olub. Bayıl qəsəbəsinin sakinləri deyib ki, təsərrüfatlarına aid olan toyuqlar arasında yayılan xəstəlik kütləvi tələfatlara səbəb olub. Təsərrüfat sahibləri bildirir ki, quşların kütləvi qırılmasının səbəbinin nə olduğunu heç kim tapa bilmir. Dəfələrlə aidiyyəti üzrə şikayət olunub, heç bir nəticə əldə etmək mümkün deyil. Hətta bir çox təsərrüfat sahibi şikayətində vurğulayır ki, artıq son 5 ildə məhz bu aylarda ev quşları arasında xəstəliyin yayılması ehtimalı adi hala çevrilib. Oktyabr, noyabr və dekabr ayları ev quşlarının təsərrüfatı ilə məşğul olanlara məhz payız aylarında ciddi ziyan dəyir. Vətəndaşlar bunu broyler şirkətləri ilə əlaqələndirirlər. Onlar iddia edir ki, hər kəsə məlum olduğu kimi, yazda yumurtadan çıxan cücələr bu aylarda artıq özləri yumurta verir, əti də kəsilməyə yararlı hesab olunur deyə, broyler şirkətləri bu aylarda virus yayaraq şəxsi təsərrüfat sahiblərinə ziyan vurur ki, özlərinin məhsulları bazardakı tək pay sahibi olsun.

Təsərrüfat sahiblərindən biri deyir ki, evin önündəki həyətdə saxladığı ev quşlarının 35 ədədi müəmmalı səbəbdən tələf olub.

“Onların arasında hind quşu, çolpa toyuq da var. Bu quşlar arasında hansısa xəstəlik yayılır, onlarda xırıldama əmələ gəlir, yemdən kəsilib tələf olurlar. Üstəlik bu proses hələ davam edir, hər gün bir başqa quşda həmin xırıltı eşidilir. Bəzi tanışlar var ki, onların təsərrüfatında daha çox quş var. Onlar deyir ki, 100-200 quş tələf olub bu xəstəliyə görə. İndiyə qədər də nə dərman məsləhət görülüb, hansı dərman barədə məlumat almışamsa, gedib baytarlıq aptekindən almışam, vurulub, yenə xeyri olmayıb. Dərmanların keyfiyyəti də aşağıdır. Xaricdən ölkəmizə quşçuluq təsərrüfatı ilə bağlı gətirilən dərmanlar zay dərmanlardır. Bir tanışım baytarlıq fəaliyyətilə məşğuldur. O deyir ki, quşçuluqla bağlı ölkəmizdə satılan bir dərmanı Türkiyədəki aptekdə görüb, dərmanın qiyməti Azərbaycandakı qiymətindən bahadır. Aptek işçisindən soruşub ki, bu necə ola bilər? Bu dərmanı sizdən alırıq, sizdən ucuz necə sata bilərik? Əczaçı da bildirib ki, Azərbaycanda belə dərman alveri ilə məşğul olan şəxslər gəlir, tərkibində gərəkli inqridientləri çıxartdırıb daha sonra alırlar və ölkəyə aparırlar, buna görə də dərmanlar hansısa təsir göstərmir”.

Təsərrüfatına zərər dəyən şəxslərdən biri də nəqliyyat məsələləri üzrə mütəxəssis Elməddin Muradlıdır. O da bu mövzuda şikayətini bildirib. Qeyd edib ki, bir neçə il əvvəl Bakı şəhər Baş Baytarlıq İdarəsindən məhz bu xəstəlik səbəbilə baytar göndərilməsini də istəyib:

 

“İdarədən guya ən yaxşı baytarlarını göndərmişdilər. Bəhruz adlı bir baytar gəldi, hind quşlarını, toyuqları dərmanladı, iynə vurdu ki, yaxşı dərmandır, Hollandiyadan gətirilib və sairə. Həmçin o dərmanlama, iynə vurma prosesi vaxtı 3 çolpa hindən qaçmışdı. Həmin o baytarın iynə vurduğu 3 çolpa sağ qaldı, qalan quşların hamısı tələf oldu. Ya bu işə nəzarətlə bağlı tədbirlər gücləndirilməlidir. Ya da bu məsələdə kimlərinsə maraqları özünü göstərir. İnsanları, həyətində 3-5 toyuq saxlayıb yumurtasından istifadə etmək yerinə, bir sözlə kənd məhsulu yemək yerinə broylerlərə istiqamətləndirməyə çalışanlar var. Mən artıq illərdir ki, marketdən yumurta almıram, elə həyətdəki toyuqların hesabına qarşılayırıq bu tələbatımızı. Toyuq əti arabir alırıq, çünki çatdırmaq mümkün olmaz. İndi toyuqların əksəriyyəti qırılıb. Marketdən 40 qəpiyə kənd yumurtası almağa məcburam. Onun da həqiqətən kənd məhsulu olduğuna kimsə zəmanət verə bilmir. Keyfiyyətsiz dərmanlar, keyfiyyətsiz iş görən baytarlar bu ölkədə olduqca, bu məsələdə vətəndaşlara hələ çox ziyan dəyəcək. Təsərrüfat sahibləri arasında maarifləndirmə işləri aparılmalıdır. Onlara bu istiqamətdə kiçik də olsa dəstək verilməlidir. Heç olmasa keyfiyyətli dərman, keyfiyyətli iş ortaya qoya bilən baytar mövzusunda bu dəstək göstərilməlidir. Formal xarakterli fikir və addımlardan uzaq durmaq lazımdır. Dərmanlar gömrükdən keçirilən zaman keyfiyyəti yoxlanılsın. Yoxlanılmadan buraxılır satışa. İnsanlar üçün keyfiyyəti aşağı salınan dərmanların gətirildiyini bilirdik, illərdir xəbəri yayılıb. İndi məlum olur ki, bu dərmanlardan heyvanlaar üçün də gətirirlərmiş”.

“Baytarlıq Apteklər Şəbəkəsi”ndən saytımıza bildirildi ki, təsərrüfat sahibləri tərəfindən gün ərzində onlarla şikayət daxil olur:

“Ölkəyə gətirilən dərmanlar bir neçə əldən keçir. Eyni dərman vasitəsindən davamlı satmaq məqsədilə xaricdən gələn dərmanın tərkibinə ölkəmizdə müəyyən maddələr qatılır ki, faiz dərəcəsi aşağı salınsın. Belə olan halda ölkədəki ilkin satış məntəqəsi daha yüksək gəlir əldə etmiş olur. Əvvəllər ölkəyə gətirilən dərmandan heyvana veriləndə heyvan 3, maksimum 5 günə tam sağlam hala gəlirdi. İndi 20 gün ardıcıl dərman da verilir, yenə effekti olmur. Bu mövzuda ölkədə ciddi araşdırmalara, dərman vasitələrini ölkəyə gətirən şəxs və şirkətlərlə bağlı yoxlamalar keçirilməsinə ciddi ehtiyac var. Dünyanın inkişaf etmiş ölkələrində kənd təsərrüfatının inkişafı, ev təsərrüfatlarında vətəndaşlara dəstək göstərilir ki, sonrakı illərdə dövlətlərə böyük yük düşməsin və vətəndaş həm öz qidasını, həm də öz qazancını təmin edə bilsin. Bizdə isə nəzarətsizlik səbəbilə heyvandarlığa, quşçuluğa təhlükə müşahidə edilir”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov saytımıza müsahibəsində deyib ki, quşçuluqla bağlı bu addımlaırn atılması məsələsi inandırıcı deyil:

“Broyler fabrikləri öz işlərinə ciddi nəzarət edirlər. Hətta həmin fabriklərin işçilərinə evdə quş saxlamağa icazə verilmir. Bu işçilər bəzən evə buraxılmır, fabrik ərazisində onlara ayrılan yerlərdə qalmalı olurlar. Çünki fabrikdə yayıla bilən xəstəlik fabrika külli miqdarda ziyan vura, minlərlə, 100 minlərlə quşun tələf olmağına səbəb ola bilər. İnana bilmirəm ki, broyler fabriki belə viruslar yayıb bir gün onların da qapısını döyəcək təhlükəli işə qol qoyalar. Üstəlik Qida Təhlükəsizlik Agentliyi belə məsələləri ciddi araşdırır və təqib edir. Əlbəttə, biznes qurumları arasında bu kimi hallar istisna olunmur, lakin broyler fabriklərinin belə bir addım atması inandırıcı deyil. Çünki ev təsərrüfatına aid quşların bazardakı payı 10%-ə çatmır. Ona görə də hansısa iri broyler fabriklərinin belə bir addım atacağı məntiqə sığmır. Əgər vətəndaşların əlində bununla bağlı hansısa dəlil varsa, müraciət etsinlər, bu məsələnin üstünə mütləq ciddi düşmək lazımdır”.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, quşçuluqla bağlı məsələlər artıq qurumun səlahiyyətində deyil.

Mövzu ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən qeyd olundu ki, daxil olan şikayətlər əsasında laborator araşdırmalara başlanılıb. İstənilən halda bütün nəticələr ictimaiyyətə açıqlanacaq

Səfər

Chosen
12
avtosfer.az

1Sources