EN

Azərbaycanın fonunda Türkiyə- Ermənistan münasibətiləri - AÇIQLAMA

“Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bəyan edib ki, ötən ay Ermənistan-Türkiyə sərhədində iki ölkənin bir neçə qurumunun nümayəndələri arasında görüş baş tutub. Sözügedən proses bir neçə vaxtdır ictimaiyyətdə birmənalı qarşılanmayıb. Özlüyündə müəyyən fərziyələrin yaranmasına səbəb olub. Belə ki, Ankaranın Bakıdan xəbərsiz İrəvanla sərhədlərin açılmasında razılışdığına dair iddialar səsləndirilir”.

“Cari il iyulun 30-da Ermənistan və Türkiyə nümayəndə heyətləri görüş keçirmişdilər və xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi bu görüşdə Akyaka sərhəd keçid məntəqəsinin açılması, Gümrü-Qars dəmiryol xəttinin açılması ilə bağlı bir çox məsələlər işçi qaydada müzakirə olunmuşdu. Mediada əksini tapan məlumata görə, sonradan bunun texniki şərtləri ilə bağlı müzakirələr fərqli rejimdə davam etdirilib. Hazırda isə indi bəlli olur ki, noyabr ayının 15-də Ermənistan və Türkiyə nümayəndə heyətləri görüş keçirib və Gümrü- Qars dəmiryol xəttinin açılması ilə bağlı yenidən yarımçıq qalan işlərin və müzakirələrin davam etdirilməsi həyata keçirilib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi analitik Elməddin Behbud deyib.

Siyasi analitik qeyd edib ki, Türkiyənin xarici siyasət institutları da, eyni zamanda beyin mərkəzləri də, dövlətin ali rəhbərliyi də dəfələrlə Türkiyə- Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin nizamlanması, yekun və dayanıqlı sülh sazişinin imzalanması ilə əlaqəli proses olduğunu bildiriblər.

“Bu cəhətdən burada Ermənistanın prioritetləri deyil, strateji müttəfiq olan Azərbaycan və Türkiyənin milli maraqlarının birgə təminatı istiqamətində müvafiq konturların cızılması hesab edirəm ki, daha real görünür. Doğrudur, Ermənistanın xarici siyasət idarəsi Gümrü-Qars dəmir yolu xəttinin açılmasını Aralıq dənizi ilə Hind Körfəzi arasında Ermənistanın da burada tranzit rol oynadığı nəqliyyat dəhlizinin daha səmərəli şəkildə təşkili və yenidən qurulması prosesinin bir hissəsi hesab edirlər. Ancaq Türkiyə isə buna Ermənistan- Azərbaycan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizinin bir hissəsi kimi baxır. Bu cəhətdən heç bir halda düşünmürəm ki, Azərbaycandan gizli və razılaşdırılmamış formada bir fors-major situasiya yarana, Türkiyə Ermənistan sərhədləri açıla bilər. Bu danışıqlar inanıram ki, müvafiq dövlət qurumları arasında qarşılıqlı razılaşma şəklində aparılır. Dövlət qurumları, müvafiq vəzifəli şəxslər biri digər müttəfiq dövlətin aidiyyəti vəzifəli şəxslərinə həmin bu danışıqların gedişatı barədə məlumat verirlər. Ona görə də güman etmirəm ki, burada narahat olacaq hansısa məqamlar var”.

“Ermənistanla Azərbaycan arasında yekun sülh sazişi imzalanmasa, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətindən fikirdə və eyni zamanda pərdə arxasından da əl çəkməsə və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyin icrası ilə bağlı müvafiq addımlar atmasa güman etmirəm ki, bu, Türkiyə- Ermənistan münasibətlərinin normallaşmasına gətirib çıxaracaq. Ona görə Ermənistan hər nə qədər Azərbaycan- Türkiyə- Ermənistan münasibətlərini fərqli rejimdə görsə də, bunlar bir-biri ilə üzvi surətdə bağlıdır. Ermənistan çox yaxşı olar ki, həmin bu istər media, istər fərqli yollarla apardığı manipulyativ siyasətdən əl çəksin və gerçək şəkildə regionda sülh tərəfdarı olduğunu ortaya qoysun”.

Chosen
10
aznews.az

1Sources