EN

Cənubi Koreya Prezidenti Yun Sok Yolun reytinqi minimuma enib

Cənubi Koreyada qısamüddətli hərbi vəziyyət rejimindən sonra yaranmış siyasi xaos fonunda Prezident Yun Sok Yolun reytinqi minimuma enib. SİA xəbər verir ki, “Gallup Korea” təşkilatının sonuncu rəy sorğusunun nəticələrinə əsasən dövlət başçısına etimad göstəricisi 11 faizə düşüb. Bu rəqəm bir həftə əvvəlki sorğunun nəticəsindən (16 faiz) bir qədər az olmalqa yanaşı, Yun Sok Yolun prezident vəzifəsinin icrasına başlamasından bəri ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin 75 faizi prezidentin impiçmentini dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul etməsindən sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Müxalif Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, Prezidentin impiçmenti prosesinə start vermişdi. Dekabrın 7-də parlamentin xüsusi iclasında hakim partiyanın deputatlarının çox hissəsinin iştirak etməməsi ilə əlaqədar yetərsay olmadığı üçün impiçment reallaşmayıb. Artıq müxalifət Prezidentin impiçmenti məsələsini təkrar parlamentin gündəliyinə salıb və məsələ dekabrın 14-də plenar iclasda müzakirəyə çıxarılacaq.

Hərbi vəziyyət rejimi ilə əlaqədar başlanmış təhqiqatın gedişində Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyulub. Prokurorluq hərbi vəziyyət elanı qərarı ilə ölkəni siyasi xaosa salan Prezident Yun Sok Yolu qiyam cəhdində şübhəli şəxs elan edib. Bundan başqa, hərbi vəziyyətlə əlaqədar məsuliyyəti öz üzərinə götürərək istefa verən müdafiə naziri Kim Yonq-Hyun, Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Şik də saxlanılıb. Bir neçə yüksək rütbəli hərbçinin ölkədən çıxışına qadağa qoyulub, baş qərargah rəisi vəzifəsindən azad olunub. Dövlət başçısı hərbi vəziyyət böhranından sonra 2 dəfə televiziya ilə xalqa müraciət edərək, öz qərarını müdafiə edib.

Hərbi vəziyyət elan olunandan bəri ölkənin müxtəlif yerlərində Prezident Yun Sok Yol əleyhinə etiraz aksiyaları keçirilir.

Chosen
9
6
sia.az

7Sources