Çin elm mərkəzləri gələcəyin texnologiyası hesab edilən "beyin-kompüter interfeysi" sahəsində əhəmiyyətli nailiyyətlər əldə edir. Bu sahədə məqsəd insan beynindən gələn siqnalları birbaşa elektron cihazlara ötürməkdir. Hazırda bu texnologiya həm invaziv (beyinə elektrodların implantasiyası), həm də qeyri-invaziv (baş dərisinə yerləşdirilən elektrodlardan istifadə) üsullarla inkişaf etdirilir.
E-saglam.az TASS-a istinadən xəbər verir ki, Tianjin Universiteti bu texnologiyanı inkişaf etdirmək üçün xüsusi bir tədris proqramı təqdim edir. Burada tələbələr dörd illik təlim zamanı neyron mühəndisliyi, alqoritmlər, robotika və digər sahələrdə təcrübə qazanırlar. Birinci kursda tələbələr düşüncələri ilə topun hərəkətini idarə etməyi öyrənir, daha sonra isə real iqtisadiyyatda tətbiq edilə bilən layihələr üzərində çalışırlar.
Elon Musk və onun Neuralink şirkəti də beyin-kompüter interfeysləri sahəsində fəaliyyət göstərir. Şirkət artıq invaziv üsullarla bir xəstənin beyninə 64 elektrod implantasiya edib. Ancaq bu təcrübələrdə müəyyən problemlər yaranıb, bəzi elektrodlar sıradan çıxıb. Çin isə daha təhlükəsiz qeyri-invaziv üsullara üstünlük verir.
Çinli alimlər depressiya, hidrosefaliya və digər nevroloji xəstəliklərin erkən diaqnostikasında bu texnologiyadan istifadə edirlər. IMARC Group-un məlumatına görə, qlobal beyin-kompüter interfeysi bazarının həcmi 2021-ci ildə 1,5 milyard dollar olub və 2032-ci ilə qədər 5,4 milyard dollara çatacağı gözlənilir.(baku.ws)
E-saglam.az