EN

ABŞ Ukrayna üçün Lend-Lizi ləğv edir - 1938 nümunəsi təkrarlansa...

Siyasi şərhçi: “Qarşılıqlı sövdələşmələr Ukrayna böhranının ilk günlərindən etibarən başlayıb”

ABŞ-ın 2025-ci il üçün hərbi büdcəsindən Kiyevə Lend-Liz (Lease) əsasında silah tədarükü ilə bağlı bənd çıxarılıb. Büdcə layihəsi daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənmişdi. Bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova məlumat verib. 

“ABŞ Nümayəndələr Palatası 2025-ci il Milli Müdafiə Səlahiyyəti Aktını (NDAA) qəbul etdi. Qeyd edək ki, bu il Senat tərəfindən təsdiq edilmiş NDAA qanun layihəsində Ukraynada demokratiyanı qorumaq üçün Lend-Lease qanununun qüvvədə olma müddətini uzatmaq üçün müddəalar var idi. Ukraynanın ABŞ-dakı səfirliyi bunu fəal dəstəklədi, lakin Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsində (2025-ci il üçün - red.) belə bir müddəa yoxdur. Müvafiq müddəa qanun layihəsinin birləşdirilmiş mətninə daxil edilməyib”, - səfir Facebook-da yazıb. Lend-Lizin ləğvi Ukrayna üçün hansı anlama gəlir?  Slovakiyanın baş naziri Robert Fiko isə Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində bildirib ki, Qərb Ukraynanı uğursuzluğundan sonra qurban verəcək və o zaman ölkə 1938-ci ildə Çexoslovakiya kimi parçalana bilər. “Vaxt gələcək ki, Qərb deyəcək: ”Yaxşı, alınmadı, o zaman biz Ukraynanı qurban verərik". 1938-ci ildə Çexoslovakiyanın qurban verildiyi Münhen müqaviləsinə baxın. Qorxuram ki, Ukrayna ilə də oxşar hadisə baş verə bilər", - Fiko bildirib. Onun sözlərinə görə, Ukrayna öz ərazisinin üçdə birini itirə bilər, qalan ərazilərdə isə xarici qoşunlar olacaq. Fiko hesab edir ki, bu ssenari Ukrayna üçün xoşbəxtlik olmayacaq, əksinə, Qərb tərəfdaşları tərəfindən “xəyanət” sayılacaq. Ukrayna Baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina isə bildirib ki, Ukrayna xarici qoşunların ölkəyə yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır... 

Doğrudanmı Qərb Ukraynaya xəyanət edəcək və ya artıq edib?  

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Rusiya ilə ABŞ bir-biri ilə düşmən olsalar da, bəzi vasitəçilərin köməkliyi ilə müxtəlif mövzularda müzakirələr aparır və qarşılıqlı güzəştlərə gedə bilirlər: “Yadınızdadırsa, hələ bu ilin aprel ayında Musavat.com-a verdiyim açıqlamada mümkün sövdələşmə ehtimalını şərh edərək demişdim: ”İsrailin Suriyadakı İran səfirliyinə hücumu zamanı bölgədəki rus hava hücumundan müdafiə sistemləri söndürülmüş və Suriyanın hava sərhədlərini pozan İsrail təyyarələrinə məlum əməliyyatı keçirmək fürsəti yaratmışdı. Üstəlik, bu, yalnız indi baş verən hadisə də deyil. İsrail hərbi təyyarələri dəfələrlə bənzər əməliyyatlar keçirib və hər dəfə Rusiyanın eyni passivliyi müşahidə olunub. Səbəbinə gəlincə, məncə, bunu bir amillə izah etmək mümkündür. İsrail özünün ABŞ-dakı lobbisinin imkanlarından istifadə edərək Konqresin Rusiyaya qarşı ölümcül qərarlar almasını əngələmək qarşılığında Moskva ilə müəyyən anlaşma əldə edib. Son zamanlar Ukraynaya 60 milyard dollarlıq silah yardımının Konqresdə ilişib qalmasının əsas səbəbi bu ola bilər. Yəhudi lobbisinin bu “rüşvəti”nin qarşılığını isə belə görünür ki, Moskva İranı qurban verməklə ödəmək niyyətindədir". Yəni mənim görüşümə görə, Ukrayna savaşı ilə Suriya məsələsi bir-biri ilə sıx əlaqəlidirlər. Hətta deyərdim ki, bu qarşılıqlı sövdələşmələr Ukrayna böhranının ilk günlərindən etibarən başlayıb. Bilirsiniz ki, 2014-cü ilin fevral ayının 20-də Rusiya Ukraynanın bəzi ərazilərini, o cümlədən Krımı işğal etdikdən 1 il 9 ay sonra Suriyaya hərbi müdaxilə etdi. Fikrimcə, Suriyaya hərbi müdaxilənin bir neçə səbəblərindən biri də sövdələşmə imkanı qazanmaq idi. Çünki Rusiya yaxşı başa düşürdü ki, ABŞ-a bağlı qüvvələr Suriyanı ələ keçirib körfəz ölkələrinin enerji resurslarının Qərbə nəqli üçün yeni dəhliz yaratmaq istəyirlər. Bu isə Qərb dövlətlərinin rus qazından və neftindən rahatlıqla imtina etməsinə yol aça bilərdi. Fikrimcə, Rusiyanın Suriyaya girməsinin əsas səbəblərindən biri də bu idi - Qərbə uzanan alternativ enerji marşrutunun qarşısını kəsmək. 2015-ci ilin sentyabr ayında başlayan bu hərbi müdaxilə nəticəsində Rusiya artıq Dəməşqə girmək ərəfəsində olan Suriya müxalifətini İdlibə qədər geri püskürtməyi bacarmışdı. ABŞ da buna cavab olaraq, rəqibinə növbəti zərbəni Ukraynadan vurmaq yolunu tutdu. 2019-ci ildə Ukraynanı NATO üzv etməyə çalışan Zelenskini dəstəkləyərək hakimiyyətə gətirdi. Beləcə, Rusiyanı 2022-ci ilin fevralında Ukraynaya növbəti hücumuna keçməyə vadar etdi. ABŞ da bundan faydalanaraq həm Ukraynanı dəstəkləyərək Rusiyanın işğal həmləsinin qarşısını aldı, həm də Avropa ilə Rusiya arasındakı bütün nəqliyyat-kommunikasiya əlaqələrini bağladı. Beləcə, Rusiyanın Avropaya enerji mənbələri satmaq imkanları ortadan qalxmış oldu. Nəticədə İsrail lobbisinə möhtac hala gətirilən Rusiya Ukraynanı əldə saxlamaq bahasına ən yaxın müttəfiqi İranı və Suriyanı hərraca çıxardı. Son zamanlar İsrailin bu iki ölkənin hərbi bazalarına hücumlarına göz yuman Rusiya Suriya müxaliflərinin yenidən hərəkətə keçməsinə də laqeyd qaldı. Zənnimcə, bu, təsadüfi deyil. Onsuz da Avropaya qaz və neft nəqlini dayandıran Rusiyanın Suriya üzərindən alternativ enerji kəmərləri çəkilməsinə də ciddi etirazı qalmayıb. Əksinə, bu iddiasından geri çəkilərək Ukraynanı əldə saxlamağa və mümkünsə, Avropanın enerji təchizatında rol almağa, müəyyən güzəştlər qoparmağa çalışır. Bunun üçün isə İsrail lobbisi vasitəsilə ABŞ-la sövdələşmələrə girir". 

Heydər Oğuzun fikrincə, yəhudi lobbisinə bağlılığı şübhə doğurmayan, hətta öz komandasının mühüm qismini sionistlərdən seçən Trampın son seçki təşviqatında Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq şüarı ilə çıxış etməsi də bu sövdələşmənin nəticəsinə bənzəyir: “Sirr deyil ki, Tramp Ukraynanın ərazi güzəşti hesabına bu sülhə nail olmaq istəyir. Zelenski ilə son görüşündə də bunu açıq şəkildə dilə gətirən Trampın hakimiyyəti təhvil alandan sonra Ukraynaya silah yardımlarını dayandıracağı gözlənilir. Elədirsə, onun atacağı ilk addım Ukraynaya Lend-Liz əsasında silah tədarükü ilə bağlı bəndi  Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsindən çıxarmaq olmalı idi və görünən bu idi ki, elə də olub”.

Ukraynanın 1938-ci ildə Çexoslovakiya kimi parçalanma ehtimalına gəlincə, Heydər Oğuzun fikrincə, nə yazıq ki, bu barədə ideyalar həqiqətən də ciddi müzakirə edilir: “Ukraynanı bu taledən yalnız Avropa dövlətlərinin birgə səyi xilas edə bilər. Avropanın bu potensiala sahib bir neçə ölkəsi var - Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşa. Bu ölkələr gözəl başa düşürlər ki, Rusiya Ukraynada öz istəyinə nail olarsa, iştahası daha da böyüyəcək. Eynilə II Dünya müharibəsində Almaniyanın etdiyi kimi, digər Avropa ölkələrinə qarşı iddialara düşəcək. Ən azı, Baltikyanı dövlətlər və Polşa, həmçinin Rumıniya, Moldova kimi ölkələr onun ilk qurbanlarına çevrilə bilərlər. Ardınca isə digər Danimarka, Avstriya, Macarıstan və s. kimi Orta Avropa ölkələri gələ bilər. Odur ki, Rusiyanın təsiri altına düşmək istəməyən Avropa ölkələrinin Ukraynanı dəstəkləməyə davam etmələri, hətta bu ölkəyə hərbi qüvvə göndərmələri mümkündür. Amma Avropanın böyük dövlətləri də ciddi hökumət və maliyyə böhranı ilə üz-üzədirlər. Bu böhranı bir kənara qoyaraq özlərini riskə atarlarmı? Bu, mübahisəli məsələdir”.

Elşən MƏMMƏDƏLİYEV, 

Musavat.com



Chosen
24
musavat.com

1Sources