EN

Ölkədə mənzil özəlləşdirmək üçün sənədlər elektronlaşdırılır

Diplomatlarla bağlı yeni qanun qəbul olunur - mühüm yeniliklər

13 dekabrda Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İlk olaraq “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyevin təqdimatından sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Layihəyə əsasən, minatəmizləyənlər əmək pensiyası ilə təmin olunacaqlar. Minatəmizləyənlərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçiriləcək. 

Milli Məclisdə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərkən ötənlərə ekskurs edərək bildirdi ki, üzləşdiyimiz faciələrin, Ermənistanın işğalının, sanksiyalara məruz qalmağımızın səbəbi həm də 90-cı illərin əvvəllərindəki idarəçilik olub: “Qanunsuz AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da faciəvi olub. Qeyri-peşəkar və gerizəkalı Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünya ictimaiyyətində tamamilə yanlış fikir formalaşır. O zaman Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Həmin illərdə yarıtmaz xarici siyasət nəticəsində ölkəmizin imicinə çox ciddi və aradan qaldırılması üçün uzun illər lazım gələcək zərərlər yetirildi”.

Əli Hüseynli qeyd edib ki, o zaman hətta region dövlətləri ilə - Türkiyə, Rusiya və İranla münasibətlər anlaşılmaz səviyyə gətirilib çıxarılmışdı: “Bütün bu faciələrin fonunda həmin dövrdə Naxçıvanda rəhbərlikdə olan Heydər Əliyev isə yüksək diplomatiya nümayiş etdirərək heç bir konflikt yaratmadan sovet qoşunlarının Naxçıvandan çıxarılmasına nail olub, Türkiyə və İranla dostluq, mehriban qonşuluq münasibətləri yaradaraq Naxçıvanı da işğaldan xilas etdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə müstəqil Azərbaycanın xarici siyasətində dönüş yaradıldı, müasir diplomatiyanın, diplomatik xidmətin əsası qoyulmuş oldu”.

Təqdim olunan layihəyə əsasən, ilk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir: “Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.

And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov layihəni təqdir etdi. Bildirdi ki, Azərbaycan 80-dən çox ölkəyə sərbəst gediş-gəlişi təşkil edə bilir: “COP29 konfransı ölkəmizin beynəlxalq imicini yüksəltməklə, iqlim və ekologiya sahəsində tarixi nəticələr əldə etməklə, 196 dövlətin 80 min iştirakçısı və dünyanın 80 dövlət başçısını Bakıya gətirməklə, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir. Bunu Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirmək olar”. 

S.Seyidov qeyd etdi ki, Qərbi Azərbaycandan 400 min azərbaycanlının qovulması ilə tarixi ədalətsizlik sübut olunub: “Gizlədilmiş bu faciə BMT-də, müxtəlif dövlətlərdə, beynəlxalq təşkilatlarda geniş müzakirə olunur və bu Azərbaycanın xarici siyasətinin gücünü, təsirini birbaşa sübut edir. ”Diplomatik xidmət haqqında" Qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-dək xarici nümayəndəlikləri fəaliyyət göstərirdi. Bu gün isə onların sayı 88-dir. O vaxtlar Azərbaycan bir neçə ölkə ilə sərbəst gediş-gəlişini təşkil edə bilərdi, bu gün isə 80-dən çox ölkəyə Azərbaycan vətəndaşının pasportları ilə geniş-gəliş mümkün olur. Bu gün faktiki olaraq diplomatik təşkilatlarda öz nümayəndələrimizin həm sosial, həm diplomatik statusunu təmin etmək imkanını əldə edə bilirik".

İnsan haqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, diplomatiya haqqında danışarkən, ilk növbədə, xalqımızın bir nömrəli diplomatı Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün daxili və regional xaosa əvvəlcə diplomatik məharəti ilə, vaxtilə imperiyanın rəhbərlərindən biri kimi malik olduğu dünyəvi əlaqələri ölkəmizin iqtisadi-siyasi və hərbi izolyasiyadan çıxmasına yönəltməklə qalib gəldiyini xüsusi qeyd etməliyik: “Prezident İlham Əliyevin 20 illik strateji xətti qlobal mənada Azərbaycanın dostları və müttəfiqlərini artırmaqla savaşı əvvəlcə siyasi, mənəvi və hüquqi qazanıb daha sonra hərbi meydanda rəsmiləşdirməyi bacarmasıdır. Ona görə də 44 günlük müharibə bütün istiqamətlərdə dövlətimizin qalibiyyətini təmin etdiyi üçün, bir həqiqəti təsdiqlədi - savaş yalnız bir meydanda aparıla bilməz. Bütün səngərlər vahid məqsədə xidmət edəndə hamısı döyüş meydanı əhəmiyyəti daşıyır. Yeni qanun layihəsi Qələbəmizin nəticəsidir. Vyana Konvensiyasına görə, xaricdə səfirlik və diplomatik korpuslar onu açan ölkənin ərazisinin bir parçası sayılırsa, indi könül və siyasi coğrafiyamızın genişlənməsi imkan verir ki, 80-dən artıq ölkədə daha yeni çağırışlarla müttəfiqlərimizin sayını artıraq, dünyadakı mövqeyimizi gücləndirək və Zəfərimizi daha qətiyyətlə qoruyaq”.

Deputat Nigar Arpadarai bildirdi ki, diplomatik sahədə çalışan qadınların sayının artırılmasına ehtiyac var: “Ezamiyyətlər çoxdur. Bunun obyektiv səbəbləri var. Gender üzrə pozitiv ayrımçılığın tərəfdarı deyiləm. Lakin qadın diplomatlarının sayını artırmaq üçün müəyyən müddət kvota tətbiq etmək olar. Digər yandan yaşlı diplomatlarımız üçün səfirliklərdə, XİN-də uyğun pozisiya yoxdur. O diplomatlarımız da beyin mərkəzlərinə yönləndirilə bilər. Digər məsələ kommunikasiya ilə bağlıdır. Faks və telefonla əlaqələr qurulurdu. İndi votsap, e-mail var. Prinsipial yanaşma kimi bunları qeyd etmək olar. Bunlar diplomatik əməkdaşlar arasında koordinasiyanı sürətləndirə bilər”. 

Parlament sədri Sahibə Qafarova deputatın çıxışına münasibətində bildirdi ki, gender bərabərliyində problem olan ölkələrdə kvota tərbiq olunur: “Ona görə də düşünürəm ki, kvota bizdə yer tutmayacaq”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev də layihə barədə danışdı, amma giriş nitqindən sonra: “Öncə qanun layihəsini hazırlamış işçi qrupun üzvlərinə, o cümlədən qanun layihəsini təqdim edən həmkarlarıma öz təşəkkürümü bildirirəm. Amma məsələ ilə bağlı çıxış etməzdən öncə hörmətli Əli Hüseynlinin bir fikrinə də münasibət bildirmək istəyirəm. Əli müəllim qeyd elədi ki, keçmişdə bizə münasibətin pis olması uğursuz diplomatiyamızla bağlı olub. Xüsusulə də İranın adını çəkdi, bizə sanksiyaların tətbiq olunmasından danışdı”. 

Deputat bildirdi ki, sanksiyanı Amerika Birləşmiş Ştatları (ABŞ) tətbiq etmişdi: “ABŞ bu gün də bizi sanksiya tətbiq edəcəyi ilə hədələyir, bu gün də münasibətlərimizdə ciddi gərginlik var. İranla da münasibətlərimizdə gərginlik davam edir və Zəngəzur üzərindən Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunmasına da mane olan əsas ölkə İrandır və bizim səfirliyimizə də məhz bu ölkədə basqın edildi və diplomatımız qətlə yetirildi. Ona görə də yeni müstəqillik əldə etmiş ölkəmizin həm müstəqilliyini, həm də müstəqil siyasət yeritməsini o zaman da qəbul etmirdilər, indi də qəbul etmirlər. Bu gün də bizim həm Avropa İttifaqı, həm Avropa Şurası ilə münasibətlərimizdə ciddi gərginlik yaşanmaqdadır. Amma mən  bunu qətiyyən uğursuz diplomatiya ilə əlaqələndirmirəm. Əksinə, mən, hörmətli sədrimiz başda olmaqla, həm Milli Məclisin üzvlərinə, xarici siyasətin həyata keçirilməsindəki iştiraklarına görə diplomatlarımıza, həm Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşlarına, rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yəni bizə olan təhdidlərin kökündə tamamilə başqa maraqlar, ermənipərəst dairələrin fəaliyyəti dayanır”.

Q.Həsənquliyev daha sonra qanun layihəsi ilə bağlı fikirlərini bölüşdü: “Müzakirə olunan məsələ ilə bağlı onu demək istəyirəm ki, biz fəaliyyətimizi əldə edilmiş uğurlara baxmayaraq genişləndirməliyik. Xatırlayıram, bir dəfə NATO Parlament Assambleyasının bir iclası Avropanın inkişaf etmiş ölkələrindən birində keçirilirdi. Orada səfirlə görüşdə hiss elədim ki, bizim səfirlik yerli mətbuatı oxumur. Və mən bununla bağlı sual verdim, o da mənim narahatlığımı başa düşdü. Dedi ki, ingilis dilində həftəlik bir qəzet çıxır, onu oxuyuruq və əlavə etdi ki, fəaliyyət göstərdikləri ölkənin dili çox çətindir. Amma mənim narahatlığımı başa düşdüyündən dedi ki, fikirləri var ki, yerli dili bilən bir nəfəri işə götürsünlər və o, mətbuat xülasəsini hazırlasın”.

Deputat Polad Bülbüloğlu qanun layihəsini yüksək qiymətləndirdi. “Mən 18 il Rusiya kimi böyük və çətin ölkədə səfir vəzifəsində çalışmışam. Bu işlərin içərisində olduğuma görə, bu qanun çox gözlənilirdi”, - P.Bülbüloğlu bildirdi. Onun sözlərinə görə, qanun layihəsi, demək olar ki, mövcud problemləri həll edir və bizim diplomatlarımızın fəaliyyəti üçün çox gözəl imkanlar yaradır. P.Bülbüloğlu dedi ki, bir il öncə diplomatların maaşları xeyli artıb və təklif olunan qanun layihəsinə əsasən, diplomatların durumu kifayət qədər yaxşılaşacaq. Deputat ölkə prezidentinə və qanunu hazırlayanlara təşəkkürünü bildirdi, bütün həmkarlarını qanun layihəsinə səs verməyə çağırdı.

Deputat Sahib Alıyev  bildirdi ki, bu qanunvericilik aktında diplomat olmaq istəyən soydaşlarımızın qarşısında yüksək  peşə satandartları tələbinin əksini tapmasını çox düzgün sayır: “Burada da vurğulanır, bəli, diplomat mütləq xarici dil, ilk növbədə də getdiyi ölkənin dilini bilməlidir. Və unutmamalıdır ki, dil diplomata bir məsəldə deyildiyi kimi əsl niyyətini gizlətmək üçün yox, ilk növbədə onu reallaşdırmaq üçün lazımdır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev onlar üçün ən böyük örnəkdir. Əlbəttə, diplomat nə qədər çox bilsə, bir o qədər yaxşıdır. Ancaq onun bir amalı, bir məqsədi, bir hədəfi olmalıdır ki, o da Azərbaycana xidmətdir.  Və harada çalışmasından asılı olmayaraq diplomatımız qiblə gözündə də məhz Azərbaycanı görməli, yenə də bu baxımdan liderimizdən örnək götürməldir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 44 günlük savaş zamanı, Qərbdəki  düşüncə mərkəzlərinin daha çox kontr suallarla təmin edərək  üstünə göndərdikləri media təmsilçilərini yerində oturtmasında onun yüksək intellekti, bir neçə dildə mükəmməl danışması ilə yanaşı, burada həlledici faktor vətəninə, millətinə tam bağlı olmasıyıdı, onun maraqlarını hər şeydən üstün tutmasıydı. Və mənə elə gəlir ki, onun həmin dövrdəki müsahibələri, beynəlxalq ekspertlərlə görüşdə verilən sualları  necə ustalıqla cavablandırması əsl master klasslardır. Diplomatlarımız bundan çox faydalana bilərlər".

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq ilk oxunuşda qəbul edildi.

Azərbaycanda mənzil özəlləşdirmək üçün sənədlər elektronlaşdırılır. Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Digər qanun layihələri də müzakirələrdən sonra qəbul edildi.

Spiker Sahibə Qafarova iclasın sonunda bildirdi ki, Milli Məclisin növbəti iclası dekabrın 16-da olacaq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Chosen
45
1
musavat.com

2Sources