EN

Leyla Yunusun yeni saxta “siyasi məhbus” siyahısı - Bakıdan sərt reaksiya

Ekspertlər deyir ki, saxlanılan şəxslərə dərhal “siyasi məhbus” adı vermək qanunaziddir

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi adlı qurum “siyasi məhbus” adlandırdırları şəxslərin yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda “siyasi məhbus”ların sayı guya 17 nəfər artaraq 331 nəfərə çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyahıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri isə həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.

“Yeni həbs edilənlərin əksəriyyəti ”Meydan TV" internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dindarlardır", - “Turan”ın yaydığı məlumatda deyilir.   

Siyahı xaricə sığınmış anti-Azərbaycan mövqeli şəxs, özünü “Sülh və Demokratiya İnstitutu”nun direktoru sayan Leyla Yunus və yuxarıda adı çəkilən qurumun rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

Qeyd edək ki, Leyla Yunus dəfələrlə Azərbaycanda siyasi məhbusların sayını yanlış və əsaslandırılmamış şəkildə göstərərək müxalif fikirləri və xarici dairələr tərəfindən dəstəklənən siyahılar hazırlamaqda davam edir. Əvvəlki illərdə də Yunus belə siyahılar tərtib edib, bu siyahılar çox zaman ölkədaxili reallıqları və qanuni təhlili nəzərə almadan hazırlanıb.

Novella

Novella Cəfəroğlu 

Novella Cəfəroğlu mediaya açıqlamasında Leyla Yunusun siyasi məhbus anlayışını manipulyasiya etdiyini və bu siyahının qərəzli hazırlandığını bildirib. O vurğulayıb ki, siyahıda adı keçənlərin bəzilərinin hələ məhkəmə prosesləri tamamlanmayıb, lakin buna baxmayaraq, onlar siyasi məhbus kimi təqdim olunurlar. Bu yanaşma həm hüquqi, həm də etik baxımdan qəbuledilməz hesab edilib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Leyla Yunus və onun kimiləri xaricdə oturub gecə-gündüz ”siyasi məhbus" arzusu ilə yaşayan adamlardı. Siyahı nə qədər geniş olsa, onların da bu siyahılar üzərində işləmələrini qiymətləndirən, “dırnaq arası” dostları tərəfindən daha çox maliyyə almalarına, daha çox qrantla təmin edilmələrinə səbəb olur. Yəni Leyla Yunus və onun çevrəsi Azərbaycandakı reallığı görə bilməzlər və hər tutulanı siyasi məhbus adlandırmaq düzgün yanaşma deyil.

Çingiz

Çingiz Qənizadə

Ümumiyyətlə, siyasi məhbus almanını mən Avropa Şurasında Azərbaycan Parlamentinin nümayəndə heyətinin üzvü olarkən dəfələrlə vurğulamışam ki, siyasi məhbus anlayışına dəqiq tərif verilməyib. Avropa Şurasında da siyasi məhbusun nə olduğunu, onun kriteriyaları və məzmunu tam müəyyənləşdirməyib. Bu baxımdan, 331 nəfərlik siyahının bunlar tərəfindən hazırlanıb təqdim edilməsi, təbii ki, qərəzlidir və anti-Azərbaycan qüvvələrin maraqlarına xidmət edir.

Həbs edilmiş və saxlanılmış şəxslərə dərhal qiymət verilməsi özü qanun pozuntusudur. Çünki məhkəmə qərarı olmadan şəxslərin həbsinə hüquqi və ya siyasi məna yükləmək doğru deyil. Biz yalnız hüquq-mühafizə orqanlarının, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin ilkin məlumatlarını eşidirik ki, şəxslər hansı əməllərə görə saxlanılıblar. Belə bir dövrdə, saxlanılan şəxslərə dərhal “siyasi məhbus” adı vermək və qiymətləndirmək istintaq prosesinə təsir etmək qanunaziddir. Belə vəziyyətlərdə gözləmək lazımdır ki, istintaq obyektiv araşdırmalarını aparsın, ittiham irəli sürülsün və məhkəmə qərar çıxarsın. Yalnız məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra həbslərin əsaslı olub-olmadığını qiymətləndirmək mümkündür.

Bəli, həbs edilənlər var, “Meydan TV”nin əməkdaşları var. Onlar arasında qadın jurnalistlər var.   Biz hüquq müdafiəçisi olaraq bu qadınların istintaqının həbssiz aparılmasını arzu edirik. İndi Bunun üçün hələ gözləmə mövqeyində olsaq da, sonda müraciət edəcəyik. Çünki Azərbycan milli dəyərlərinə də bu uyğun gəlmir. Hüquq-mühafizə orqanları həmişə bu dəyərləri qiymətləndiriblər. Həmişə qadınlara, yaşlılara və digər həssas qruplara qarşı münasibətdə qanunun yol verdiyi ədalətli yanaşma tətbiq etməyə çalışıblar. Amma cinayət törədilibsə, o halda hər bir şəxs məsuliyyət daşımalıdır. Cinayət cinayətdir və heç kim qanun qarşısında cəzasız qala bilməz.

Bir tərəfdən də Prezidentin humanist addımlarını da unutmaq olmaz. Prezident zaman-zaman qadınlar, yaşlılar və digər həssas qruplara qarşı humanist qərarlar verib. Hələ ki istintaq prosesi davam edir və belə bir dövrdə şəxslərin “siyasi məhbus” deyə adını siyahıya salınması qəbuledilməzdir. Bu, istintaqı çətinləşdirən və prosesin obyektivliyinə xələl gətirən amillərdən biridir. İstintaqın obyektiv və ədalətli aparılması üçün bu cür bəyanatlardan və manipulyasiyalardan uzaq durmaq lazımdır. Həmçinin bu kimi məsələlərin mediaya çıxarılmasına ehtiyatla yanaşılmalıdır.

Ümid edirəm ki, hüquq müdafiəçiləri və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı ilə rəsmilərin müəyyən humanist prinsipləri əsasında cinayəti olmuş olsa belə onların müəyyən hissəsinin azadlığa buraxılması və ya həbs cəzasının şərti cəzaya dəyişdirilməsi mümkün olacaq. Biz də bu proseslərdə öz töhfəmizi verməyə hazırıq". 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Chosen
10
musavat.com

1Sources