“Sabahdan Tehranda faəliyyətə başlayacaq Azərbaycan konsulluğu yeni, daha təhlükəsiz ərazidə çalışacaq”.
Bu barədə Modern.az-a Tehranda Azərbaycan konsulluğunun faəliyyətə başlaması ilə bağlı danışarkən Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, hələlik səfirliyin yalnız konsulluq şöbəsi işləyəcək:
“Konsulluq şöbəsi vətəndaşlarla bağlı məsələlərlə məşğul olur. Bu o deməkdir ki, vətəndaşlar tərəfindən aparılan ticarət əlaqələri və digər qarşılıqlı səfərlər davam edəcək. Amma səfirliyin funksiyasına aid olan dövlətlərarası məsələlər buraya daxil deyil. Azərbaycan və İran Xarici İşlər nazirlikləri arasında diplomatik əlaqələr indi də var. Amma Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətə başlaması müəyyən zaman kəsiyində mümkün görünmür. Bunun subyektiv və obyektiv səbəbləri var.
E.Mirzəbəyli bildirib ki, indiki şəraitdə konsulluğun açılması İranda Azərbaycan diplomatlarına qarşı keçirilən dəhşətli terror aktından sonra ölkəmiz tərəfindən atılan prinsipal addım kimi qiymətləndirilməlidir:
“Bu qarşılıqlı münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı önəmli bir addımdır. Bir qayda olaraq bu qəbildən olan hadisələr baş verəndə, yəni açıq-aşkar Azərbaycan ərazisinə müdaxilə kimi dəyərləndirilən terror aktları törədiləndə dövlətlərarası münasibətlərin uzun illər boyu bırpa edilməsi mümkün olmur. Konsulluq şöbəsinin açılması da ölkəmizin yaxın qonşuluq münasibətlərinə verdiyi önəm kimi qiymətləndirilməlidir. Amma bu diplomatik əlaqələrin səfirliklər müstəvisində bərpası kimi qiymətləndirilə bilməz”.
Konsulluğun təhlükəsizliyi yüksək səviyyədə təmin ediləcəkmi?
Deputat qeyd edib ki, diplomatlarımızın təhlükəsizliyinin necə təmin ediləcəyi İran tərəfinin verə biləcəyi cavabdır:
“Təbii ki, Azərbaycan oradakı diplomatlarının təhlükəsizliyi ilə bağlı bütün məqamları nəzərə alıb. Xüsusilə də son baş verən hadisədən sonra düşünürəm ki, dövlətimiz diplomatlarımızın təhlükəsizliyi ilə bağlı müəyyən öhdəliklərin götürülməsinə nail olub. Əks təqdirdə, konsulluğun fəaliyyətə başlaması mümkün olmazdı”.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvana köçüb.
İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülüb.