EN

Sədr müavini: “Sənaye Təhlükəsizliyi Zirvəsi” sənaye sektorunda təhlükəsizliyin artırılmasına töhfə verəcək

Bu gün ölkədə sənaye təhlükəsizliyi sahəsində ən mühüm tədbirlərdən biri olan “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir. Tədbir “Sıfıra doğru” konsepsiyası əsasında təşkil olunub. Bu yanaşma Azərbaycanın Paris Sazişi çərçivəsində 2030-cu və 2050-ci illərə qədər karbon emissiyalarının azaldılması ilə bağlı götürdüyü öhdəliklərə uyğun olaraq, sənayedə təhlükəsizlik mədəniyyətinin inkişafını və karbon emissiyalarının azaldılmasını əhatə edir. Həmçinin tədbir Azərbaycanın ev sahibliyi etdiyi COP29 iqlim sammitindən sonra ölkədə iqlim dəyişikliyi ilə bağlı həyata keçirilən ən genişmiqyaslı tədbirlərdən biridir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının sədr müavini Cabir Süleymanlı jurnalistlərə açıqlamasında söyləyib.

O, tədbirin məqsəd və məramı haqqında ətraflı məlumat verərək deyib: “Tədbirdə 350-dən çox iştirakçı, o cümlədən dövlət tənzimləyici qurumlarının, özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri və spikerlər iştirak edir. Burada sənaye təhlükəsizliyi çərçivəsində iş yerlərindəki insidentlərin qarşısının alınması, təhlükəsizlik mədəniyyətinin inkişaf etdirilməsi, həmçinin karbon izinin azaldılması mövzuları müzakirə olunur. Bu kontekstdə, dövlət qurumları və özəl sektorun nümayəndələri birgə həll yolları axtarırlar. Tədbir çərçivəsində müsabiqə də keçiriləcək. Bu müsabiqədə sənaye təhlükəsizliyi və əməyin mühafizəsi sahəsində fərqlənən şirkətlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq”.

“Sənaye Təhlükəsizliyi Zirvəsi” iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində sosial məsuliyyət, sənayedə təhlükəsizlik və ekoloji dayanıqlılıq məsələlərinin müzakirə edildiyi mühüm bir platforma olaraq ölkənin beynəlxalq təşəbbüslərə verdiyi dəstəyi bir daha nümayiş etdirir. Tədbirin sonunda qəbul ediləcək qərar və tövsiyələrin sənaye sektorunda təhlükəsizliyin artırılması və karbon emissiyalarının azaldılmasına töhfə verəcəyi gözlənilir”, - deyə C.Süleymanlı əlavə edib.

Chosen
10
1
ikisahil.az

2Sources