EN

Anamın örtdüyü sarı kəlağayı

Bu gün Səməd Vurğunun Ev Muzeyində “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində “Anamın örtdüyü sarı kəlağayı” adlı tədbir keçirildi. Kəlağayı muzeyi və Mirvarid Dilbazi Poeziya Məclisinin birgə təşkil etdikləri tədbir milli kəlağayımızın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi nəticəsində UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuşdu.

Tədbirdə “Kəlağayı muzeyi” nin rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək, layihə çərçivəsində keçirilən bu silsilə tədbirlər sayəsində milli-mənəvi dəyərlərimizin təbliğ edilməsinin əhəmiyyətindən danışdı. 

Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü Surxay Məmmədoğlu, AMEA Folklor İnstitunun əməkdaşı Elmiyyə Abdullayeva, yazıçı-publisist Reyhan Mirzəzadə və başqa qonaqlar qadınlara məxsus ipək sapdan toxunmuş bu qədim baş örtüyünün Azərbaycanın zəngin mədəni irs tarixində olan əhəmiyyətindən söz açdılar. Tədbir boyunca aşıq Nərmin Cəlalın ifasında Səməd Vurğunun “Azərbaycan” şeiri, “Paşaköçdü” havası və s. aşıq mahnıları səsləndirildi.

Sonra layihə iştirakçıları kəlağayı, onun hazırlanma prosesi və növləri haqqında məlumat verərək, qonaqları bədii nümunələrin nümayiş olunduğu kiçik sərgi ilə də tanış etdilər.

Xatırladaq ki, 2024-cü il yanvar ayından başladılan bu layihə respublikamızın bölgələrində, Naxçıvan MR-da, Sankt-Peterburqda, Gürcüstanın Tbilisi şəhərində yerləşən M.F.Axundzadənin Ev Muzeyində, Marneulidəki Tədris və Mədəniyyət Mərkəzində və başqa məkanlarda keçirilmişdi.

Silsilə tədbirlər bu ilin sonuna qədər davam edəcək.

Fidan SALMANOVA,

Elşən AĞALAROV (foto),

XQ 

Chosen
32
2
xalqqazeti.az

3Sources