EN

"Bavariya" bu mövsüm ilk dəfə məğlub oldu

Münxenin “Bavariya” klubu futbol üzrə Almaniya çempionatının - Bundesliqanın 14-cü turu çərçivəsində ilk dəfə məğlub olub.

 

Modern.az xəbər verir ki, münxenlilər dekabrın 14-də səfərdə "Maynts 05” komandasına 1:2 hesabı ilə uduzublar. Ev sahiblərinin heyətində cənubi koreyalı Li Jae-Sunq matçın 41-ci və 60-cı dəqiqələrində dubl edib. “Bavariya” ancaq oyunun sonunda – 87-ci dəqiqədə Leroy Sanenin qolu ilə hesab arasındakı fərqi azalda bilib. Bu, Münxen təmsilçisinin cari mövsümdə Bundesliqada ilk məğlubiyyəti olub.

 

Bundesliqanın 14-cü turunun digər qarşılaşmalarında “Bayer Leverkuzen” səfərdə “Auqsburq”un qapısından iki cavabsız top keçirib. “Borussiya Münxenqladbax” ev oyununda “Holştayn Kiel”i 4:1 hesabı ilə məğlub edib. “Union Berlin” – “Boxum” matçında qalib müəyyənləşməyib – 1:1. Günün sonuncu görüşündə isə “Verder Bremen” səfərdə “St. Pauli” komandasına 2:0 hesabı ilə qalib gəlib.

 

Tura dekabrın 15-də keçiriləcək “Haydenhaym” – “Ştutqart”, “Borussiya Dortmund” – “Hoffenhaym” və “Leyptsiq – “Ayntraxt Frankfurt” görüşləri ilə yekun vurulacaq.

 

Xatırladaq ki, turun ötən gün oynanılan açılış matçında “Frayburq” doğma meydanda “Volfsburq”u 3:2 hesabı ilə məğlub edib.

 

Məğlubiyyətə baxmayaraq, “Bavariya” 33 xalla Bundesliqada liderliyini davam etdirir. Münxen təmsilçisindən dörd xal geri qalan “Bayer Leverkuzen” ikinci pillədədir. Sabah üz-üzə gələcək “Ayntraxt Frankfurt” 27 xalla üçüncü, “Leyptsiq” isə 24 xalla dördüncü sıradadır.

Chosen
78
50
modern.az

10Sources