EN

Əl-Colani Kremlə mesaj göndərdi – Suriyada hərbi bazaları olan Moskvanın cavabı nə olacaq?

Suriya Rusiyaya Suriya xalqı ilə münasibətlərə yenidən baxmaq imkanı verib.

KONKRET.az xəbər verir ki, bunu silahlı müxalifətin lideri, “Heyət Təhrir əl-Şam” (HTŞ) lideri Əbuməhəmməd əl-Colani Syria TV-yə müsahibəsində bildirib.

O, yeni rəhbərliyin Rusiyanı təxribata çəkməməyə çalışdığını və ona bu ölkə ilə münasibətləri ümumi maraqlara xidmət edəcək şəkildə yenidən nəzərdən keçirmək imkanı verdiyini deyib:

“Heyət Təhrir əl-Şam” qruplaşması Suriyada silahlı yaraqlıların hücumuna rəhbərlik edib və nəticədə dekabrın 8-də onların Dəməşqi ələ keçirməsi və ölkə prezidenti Bəşər Əsədin devrilməsi ilə nəticələnib.

Əsəd rejiminin süqutundan sonra Suriya müxalifəti keçid hökumətinin qurulmasını “Suriya Qurtuluş Hökuməti”nin rəhbəri Məhəmməd əl-Bəşirə həvalə edib.

Rusiya Latakiyadakı Xmeymim aviabazasında, həmçinin Aralıq dənizi sahilindəki Tartus limanında hərbi dəniz bazasında varlığını saxlayır. 2017-ci ildə Moskva və Əsəd hökuməti rus qoşunlarının hər iki yerdə 49 il ərzində heç bir ödəniş etmədən olmasına razılıq imzalayıb.

Kreml Suriyanın yeni rəhbərliyi ilə hərbi bazaların saxlanılması ilə bağlı danışıqlar aparır. Yeni müvəqqəti administrasiyaya yaxın olan yüksək rütbəli üsyançı rəsmi “Reuters”-ə bunu təkzib edib, lakin Moskvanın onunla əlaqə qurduğunu söyləyib.

Bloomberg-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi Moskvanın Suriyanın yeni rəhbərliyi ilə Rusiya hərbçilərinin hərbi bazalarda qala biləcəyi ilə bağlı qeyri-rəsmi anlaşmasına “inanır”.

TASS-dakı mənbə bildirib ki, Rusiya tərəfi müvəqqəti təhlükəsizlik zəmanəti alıb, ona görə də hərbi bazalar “adi qaydada işləyir”. Bununla belə, Bloomberg-in rus mənbəsi qeyd edib ki, ölkədəki qeyri-sabitliyə görə vəziyyət dəyişə bilər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Xmeymim və Tartusdakı hərbi mövcudluğunu Suriyanın gələcək hakimiyyət orqanları ilə “ciddi söhbət” mövzusu adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, hərbi bazalar yüksək hazırlıq vəziyyətindədir, lakin “onların təhlükəsizliyinə ciddi təhlükə yoxdur”.

Chosen
3
1
konkret.az

2Sources