EN

Nadir Israfilov: ”Təhsilimizlə bağlı qaldırılan məsələlərə münasibət bildirməkdən niyə çəkinirik..?

“Təhsilə dair fərqli fikir söyləmək, görülən və görüləcək işlərə kölgə salmaq demək deyil, təhsilimizi daha modern daha mobil görmək arzusundan irəli gələn bir istəkdir.”

Mövcud Qanunvericiliyə əsasən, ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının müvafiq Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur.

Son illər, xüsusilə də son aylar təhsil sahəsində yaranan və həllini gözləyən problemlərin dilə gətirilməsində müəyyən bir coşqu hiss olunsa da, bu problemlərərə münasibətdə adekvat qurumların reaksiyasında sanki, bir durğunluq müşahidə olunur. Bu hal ona bənzəyir ki, özümüz deyirik, özümüz də eşidirik. Halbuki, təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir. Heç də təsadüfi deyil ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin, təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. 

Elə götürək, elm sahəsi üzrə Nazirin son açıqlamalarını: “Elmi dərəcə insanın alim olduğunu bildirmir. Alim olmaq üçün elmi nailiyyət olmalıdır” ; “Əsas problem odur ki, elmi dərəcəsi olub, elmi nailiyyəti olmayan insanlara alim deyirik. Biz onlara “sən alim deyilsən” deməyə utanırıq” ; "Elmi dərəcəsi olan şəxslərin hamısı əsl alim deyil" ; “Elmin imitasiyası yox, elmin özü lazımdır” ; “Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq" ; “Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir” ; “İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək" və s. bu kimi fikirlərə mən 3-5 nəfərdən başqa hansısa elm adamının, təhsil müəssisəsi rəhbərinin fərqli münasibətinin şahidi olmamışam. Bəlkə də, sadəcə mənə təsadüf etməyib.

Və ya götürək, Nazirin “Yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyalar edilməsi planlaşdırılır. Doktoranturada oxuyanların 10 faizi bu təhsilə başlayıb sonda elmi dərəcə alıb. Buna görə də bu məsələ iki tərəfdən tənzimlənməlidir. Bir tərəfdən, saylara bir daha baxmalıyıq. Bütün ali təhsil müəssisələrində doktorantura proqramı olmalıdır deyə bir reallıq yoxdur. Əgər müəssisə 10 doktorantura hazırlayırsa, onlardan 1-i təhsili yekunlaşdıraraq elmi dərəcə alırsa, burada müəssisənin də rolu var. Bu rəqəm 10-da birdən azdırsa, artıq nazirlikdən incimək lazım deyil. Biz bu istiqaməti düzgün sayırıq. 10 nəfərdən 1-i elmi dərəcə almırsa, düzgün yol budur” kimi açıqlamasına hansısa rektor, prorektor, dekan və ya kafedra müdiri “düzgün yol budur” ideyasını təsdiqləyibmi və ya təkzib edibmi...?

Maraqlı olanı isə odur ki, bu hal təkcə ali məktəblər və elm sahəsi üçün xarakterik olmayıb, elə məktəbəqədər və ümumi təhsil müəssisələri rəhbərləri üçün də eyni səciyyə daşıyır. “Məktəbəqədər təhsil üçün indi 5-6 yaşı əhatə ediriksə, məqsəd bunu daha aşağı yaşa, 3-4 yaşa endirməkdir” ideyasına "Azərbaycanda 2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək" çağırəşina, “Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir” etirafına hansı bağça müdiri, metodisti, məktəb direktoru, direktor müavini və ya siravi müəllim münasibət bildirib...? Sanki, nədənsə qorxuruq, kimdənsə çəkinirik...

Strategiyamızda da qeyd edildiyi kimi, nəzərdə tutulan vəzifələrin uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.  Onu da unutmayaq ki, təhsilə dairhər hansı tənqidi və ya fərqli fikir söyləmək, heç də görülən və görüləcək işlərə kölgə salmaq demək deyil, təhsilimizi daha modern daha mobil görmək arzusundan irəli gələn bir istəkdir. Nə qədər ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməyəcək, qanunla müəyyən edilmiş formalarda müzakirə və məsləhətləşmələr aparılmayacaq, habelə ümumi rəy nəzərə alınmayacaq, elə özümüz deyəcək, özümüz də eşidəcəyik...

 

Chosen
37
3
tehsil.biz

4Sources