EN

“Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq

Dekabrın 24-də, saat 19:00-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılacaq. Sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə, bununla yanaşı, XVI əsrdə “Şahnamə” əsərinə çəkilmiş miniatür nümayiş olunacaq.  

Manset.az xəbər verir ki, sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alacaq.

Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.

XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı yaşayış yerlərindəki istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı. Onlardan əsasən örtük, süfrə və ya divar bəzəyi kimi istifadə olunurdu.

Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu xalqımızın yaratdığı əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə, o cümlədən XVII-XVIII əsrlərə aid xalçalara bu gün də böyük maraq göstərilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, “Amir Textiles&Rugs” MMC, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” aviaşirkətinin birgə təşkilatçılığı ilə baş tutan “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi bunun bariz örnəyidir.
Qeyd edək ki, sərgi 10 may 2025-ci il tarixinədək davam edəcək.

Chosen
41
7
manset.az

6Sources