EN

Bütün müəllimlər 18 saat dərs yükü ilə təmin olunmalıdır

Hazırkı təhsil sisteminin əsas problemlərindən biri müəllimlərin dərs yükünün qeyri-bərabər bölüşdürülməsi və nəticədə maaşlarda ədalətsizliyin yaranmasıdır. Belə ki, bəzi müəllimlər həftəlik 36 saat dərs keçir, digərləri isə yalnız 6 saatlıq dərs yükü ilə çalışırlar.

 

Dərs yükünün fərqliliyi səbəbindən əlavə ödənişlərin miqdarı da ciddi şəkildə dəyişir. Bu isə məktəbdaxili əmək haqqı fərqlərini artırır və müəllimlər arasında gərginlik yaradır. Üstəlik, yüksək dərs saatına malik müəllimlərə yönələn əlavə ödənişlər, repetitorluq fəaliyyətini stimullaşdırır. Bu müəllimlər, əsasən, məktəbdə daha az məhsuldar işləyərək əlavə gəlir mənbələrinə fokuslanır. Buna görə də bəzi insanlar düşünürlər ki, bu vəziyyət məktəbin tədris keyfiyyətinə mənfi təsir edir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, məktəbdə dərsin olub-olmamasından asılı olmayaraq, müəllimlər 18 saat dərs yükü ilə təmin olunmalıdır:

 

“Dövlət ümumi təhsil məktəblərində müəllimlərin əmək haqqı sistemi Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 270 nömrəli qərarı ilə tənzimlənir. Ümumi təhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olma qaydaları isə Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 nömrəli qərarında göstərilib. Bu qərara əsasən, ali və orta ixtisas təhsili olan şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

 

Həmin 156 saylı qərarda 59 ixtisas göstərilib ki, məsələn, kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, dizaynerlik və digər sahələr üzrə ali təhsilli olan şəxslər, lakin pedaqoji təhsili olmayanlar da pedaqoji fəaliyyətlə məşğul ola bilərlər.

 

Qərarda müəllimlərin dərs yükü normasının 18 saat olduğu vurğulanır. Bu norma həm ali, həm də orta ixtisas təhsilli müəllimlər üçün nəzərdə tutulur. Həmçinin, müəllimlərin kateqoriyaları da müəyyən olunub: 3 ilə qədər, 3 ildən 8 ilə qədər, 8 ildən 13 ilə qədər, 13 ildən 18 ilə qədər və 18 ildən çox təcrübəyə malik olan müəllimlər fərqli kateqoriyalara bölünür.

 

Müəllimlər üçün dərs yükü norması 18 saatdır və əmək Məcəlləsinin 4-cü maddəsində də işəgötürənə müəyyən şərtləri təmin etmə öhdəliyi verilir. Bu o deməkdir ki, müəllimlər dərsin olub-olmamasına baxmayaraq 18 saat dərs yükü ilə təmin olunmalıdır. Əgər dərs saatları azdırsa, məsələn, təsviri incəsənət, texnologiya, kimya və biolojiya fənlərində olduğu kimi, bu zaman müəllimləri köməkçi dərslər, dərsdənkənar məşğələlər və dərnəklərlə təmin etmək lazımdır. Əgər bu da mümkün deyilsə, müəllimi qonşu məktəblərdəki boş dərslərin hesabına təmin etmək olar.

 

Beynəlxalq təcrübəyə gəldikdə isə, müəllimlərin iş yükü 14 saat ətrafında müəyyən edilir. Əgər 14 və ya 16 saatdan artıq dərs varsa, əlavə əmək haqqı verilir.

 

Azərbaycanda təhsil sahəsində ciddi problemlər mövcuddur. Xüsusilə, dil öyrənməyə çox diqqət yetirilir, amma texnologiya, biologiya, kimya, fizika və riyaziyyat kimi sahələrdə dərs saatları çox azdır. Bu da tədrisin keyfiyyətinə mənfi təsir göstərə bilər. Beynəlxalq təcrübədə isə bu sahələr üzrə bilik və bacarıqlar daha yaxşı öyrədilir”.

 

Ekspert həmçinin qeyd edib ki, Azərbaycan təhsil islahatları 1995-ci ildən etibarən başlanıb və 25 il keçməsinə baxmayaraq, təhsil sahəsində daha çox iş görülə bilərdi:

 

“Hazırda Azərbaycan təhsili əsasən imtahanlar və layihələr üzərində qurulub, amma inkişaf etmiş ölkələrdə təhsil daha mükəmməl inkişaf edib.

 

Təhsil sahəsində ciddi islahatlara ehtiyac var və bu, yalnız büdcə xərcləri ilə deyil, həm də tədris metodlarının və müəllimlərin iş yükünün düzgün tənzimlənməsi ilə mümkün olacaq.

 

Beləliklə, Azərbaycanda müəllimlərin dərs yükünün bərabər bölüşdürülməsi və əmək haqqı sisteminin daha ədalətli olması təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər”.

Chosen
10
azedu.az

1Sources