Bakı, 16 dekabr, AZƏRTAC
2024-cü il Vətənimiz üçün siyasi müstəvidə çox önəmli tarixi hadisələrlə zəngin olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün suveren ərazimizdə fevralın 7-də növbədənkənar prezident seçkiləri, sentyabrın 1-də isə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, prezident və parlament seçkilərinin nəticələri birmənalı olaraq Prezident İlham Əliyevin zəfərlərə yol açan uğurlu və məqsədyönlü siyasətinə xalqımızın inamını, etimadını bir daha nümayiş etdirib.
“Sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanmasının 30-cu ildönümü qeyd olunub. “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının təməl daşıdır. Məhz bu strategiya Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, onun uzunmüddətli və davamlı iqtisadi inkişafını təmin etdi. Bu strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun olaraq məharətlə və qətiyyətlə davam etdirilərək, ölkəmizin inkişafının, iqtisadi qüdrətinin və siyasi nüfuzunun yüksəlməsini, xalqımızın rifahının artmasını təmin edib”, - deyə Ə.Əsədov diqqətə çatdırıb.
Onun sözlərinə görə, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Təsadüfi deyil ki, Prezidentin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu gün böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, dünyanın ən əhəmiyyətli və irimiqyaslı beynəlxalq mötəbər tədbirlərindən biri olan COP29 regionda ilk dəfə Azərbaycanda çox yüksək səviyyədə, mükəmməl təşkil olunmaqla keçirilib.