EN

Yamayka İngilis Millətlər Birliyindən ayrılır

Yazını böyüt
Yazını kiçilt

Britaniya kraliçası II Yelizavetanın ölümü ilə 70 illik hakimiyyəti başa çatdıqdan sonra Millətlər Birliyinə üzv ölkələrdə monarxiyadan çıxmaq istəyi daha da artıb.

Hafta.az-ın yazdığına görə, Yamayka hökuməti kral III Çarlzdan dövlət başçısı statusunu almaq üçün hərəkətə keçib. Yamaykalı siyasətçilər bunun üçün ilk addımı ataraq parlamentə qanun layihəsi təqdim ediblər. Konstitusiyalı monarxiyanın ləğvi və onun yerinə respublikanın qurulması tələb olunur.

Yamaykanın hüquq və konstitusiya işləri üzrə naziri Marlen Malahu Forte qanun layihəsini çərşənbə günü parlamentə təqdim edib. Mövzuyla əlaqədar “Guardian” qəzetinə açıqlama verən Forte, ictimaiyyətin çağırışına cavab verdiklərini söyləyib: “Hər il avqustun 6-da müstəqilliyimizi qeyd etdiyimiz zaman bizdən soruşurlar ki, nə vaxt monarxiyanı ləğv edəcəyik və Yamaykanın dövlət başçısı olacaq?”.

Digər tərəfdən, qanun layihəsi üçün uzun bir yol var. Məsələ müvafiq komissiyalarda müzakirə edildikdən sonra parlamentdə səsə qoyulmalı, sonra referendum keçirilməlidir.

Müxalifətin fikrincə belə bir addımın gələn il keçiriləcək ümumi seçkilər öncəsi atılması iqtidarın siyasi qazanc əldə etməsi ehtimalına əsaslanır.

Qanun layihəsində Böyük Britaniyanın Özəl Şurasını əvəz edəcək apellyasiya məhkəməsinin olmaması da tənqidlərə səbəb olub.

Paytaxt Kinqstonda yaşayan Maurin Brammer adlı vətəndaş, "Onlar bizim üçün əhəmiyyətli bir iş görmürlər, ona görə də dövlət başçısı olmalarının mənası yoxdur. Üstəlik, getməkdə ən çox çətinlik çəkdiyimiz ölkə İngiltərədir. Bir sözlə, monarxiyadan xilas olaq” deyib.

D.Simms "Respublika olmamışdan əvvəl təmizləyəcəyimiz çox şey var. Ölkədə çoxlu korrupsiya var" deyərək şübhəsini dilə gətirib.

Adının çəkilməsini istəməyən başqa bir şəxs isə: "1962-ci ildə müstəqillik əldə etdikdən sonra dəyişən yeganə şey pul vahidimizdir. Monarxiyanı ləğv etsək də, etməsək də, ölkə yaxşılaşmayacaq" deyə bildirib.

Karib dənizindəki ada ölkəsi 62 il əvvəl müstəqillik qazansa da, Böyük Britaniyanın monarxları burada hələ də dövlət başçısı titulunu daşıyırlar. Ölkə kral və ya kraliçanın təyin etdiyi general-qubernator tərəfindən təmsil olunur. Bu, Böyük Britaniyaya Yamaykanın necə idarə olunması ilə bağlı heç bir müdaxilə haqqı verməsə də, müstəmləkəçilik izlərinin silinməməsi bir çox insanı narahat edir.

Karib dənizindəki 12 keçmiş koloniyadan 4-ü respublikaya çevrilib: Qayana, Trinidad və Tobaqo, Dominika və Barbados.

Chosen
13
hafta.az

1Sources