EN

Ombudsmanın yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb

Ombudsmanın
Məlum olduğu kimi, psixi sağlamlıq problemləri ilə yaşayan şəxslərin hüquqlarının qorunması və reabilitasiyasının təmin edilməsi hər bir cəmiyyətin inklüziv inkişafı və həmin şəxslərin cəmiyyətə davamlı inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Ombudsman Aparatının mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, psixi sağlamlıq hüququ hər bir fərdin fiziki, psixoloji və emosional rihafını təmin edən əsas insan hüquqlarından biridir. Bu hüquq yalnız tibbi yardım almaqla məhdudlaşmır, eyni zamanda stiqma, stereotiplərdən və ayrı-seçkilikdən qorunmaq, təhlükəsiz və inklüziv cəmiyyətdə yaşamaq imkanını əhatə edir.
Ümumdünya Səhiyyə Təşkilatı psixi sağlamlığın yaxşılaşdırılmasını qlobal ictimai sağlamlıq, insan hüquqları və dayanıqlı inkişaf prioriteti kimi qəbul edir. Təsadüfi deyildir ki, bütün dünya dövlətləri tərəfindən qəbul edilmiş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 3.4-cü hədəfi “Psixi sağlamlığı və rifahı təşviq etmək”dir. 2023-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə “Psixi sağlamlıq, insan hüquqları və qanunvericilik: rəhbər prinsiplər və təcrübə” adlı sənədi ictimaiyyətə təqdim etmişdir. Bu sənəd dünya ölkələrində psixiatriya sahəsində islahatlar aparmaq üçün qanunvericiliyin təkmilləşdirilməsi və bununla da keyfiyyətli psixiatriya yardımının göstərilməsi məqsədi ilə hazırlanıb. Qeyd etmək lazımdır ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə görə psixiatriya yardımı göstərilən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət edən qurum qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Qeyd olunanlardan irəli gələrək, həmçinin Ombudsman Aparatının təşkilatçılığı ilə cari ilin aprel ayında keçirilmiş “Azərbaycanda psixi sağlamlıq məsələləri və psixi pozuntulardan əziyyət çəkən şəxslərin hüquqları” mövzusunda dəyirmi masada irəli sürülmüş təklif və tövsiyələr nəzərə alınaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrup yaradılıb. Müvəkkilin rəhbərlik etdiyi İşçı Qrupa müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, psixi sağlamlıq üzrə təcrübəli ekspertlər, Ombudsman Aparatının əməkdaşları daxildir.

İşçi Qrupun yaradılmasında məqsəd beynəlxalq təcrübədən, ən son yanaşmalardan yararlanaraq cəmiyyətin həssas qruplarının müdafiəsi istiqamətində yeni standartların qəbul olunması, qanunvericiliyin təkmilləşdirilməsi, psixiatriya yardımı göstərilən müəssisələrdə xidmət keyfiyyətinin artırılması ilə bağlı təkliflərin irəli sürülməsi və maarifləndirici təlim proqramlarının hazırlanması vasitəsilə həm hüquqi, həm də praktiki baxımdan inklüziv cəmiyyətin qurulmasına töhfə verməkdir.

Chosen
15
2
1news.az

10Sources